“Resm” öz bənzərsiz kolleksiyasını Basel World 2016 sərgisində nümayiş etdirəcək
Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm” martın 17-dən 24-dək mötəbər Basel World sərgisinin B30-32 stendində (Hall of Discovery) öz unikal kolleksiyasını nümayiş etdirəcək. AzNews.info xəbər verir ki, bu il “Resm” “Azərbaycan xəritəsi – tarixin çarxları” adlı kolleksiyası ilə çıxış edəcək. Artıq bir neçə ildir ki, İsveçrənin Bazel şəhərində keçirilən Basel World sərgi-yarmarkası dünyada saatsazlıq və zərgərlik sənayesinin ən əhəmiyyətli və ən geniş miqyaslı tədbirlərindən biri sayılır. 45 ölkədən təşrif buyurmuş 2100-dən çox sərgi iştirakçısı dünyanın tanınmış saat və zinət əşyaları istehsalçılarını, habelə qiymətli daşlar üzrə ixtisaslaşan şirkətləri təmsil edirlər. Hər il sərgini 100 mindən artıq qonaq ziyarət edir.
“Resm”-in zərgərlik məmulatları qədim Azərbaycan ornament və naxışlarının müasir interpretasiyasını təqdim edir. “Resm”-in zinət əşyaları sadəcə dəbdəbəli aksesuar deyil, Azərbaycanın mədəniyyəti, ənənələri və hər şeydən öncə, milli ruhuna bağlıdır. Dövrdən asılı olmayaraq, “Resm”-in zinət əşyaları mükəmməllik və ən yüksək keyfiyyət sayəsində adi dəb trendlərindən üstün olmağa və əcdadlarımızın aləmini kəşf edib yenidən yaşatdırmağa imkan verir. “Resm”-in bütün məmulatları, dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların mənşəyi barədə məlumat verən, fərdi təsvirlərlə təchiz olunur. “Resm”-in məmulatları 14/18 karat qızıldan və qiymətli daşlardan istifadə etməklə hazırlanır. Kişilər üçün nəzərdə tutulan əşyalar, həmçinin ən yüksək keyfiyyətli gümüşdən də hazırlanır.
“Resm”-in Azərbaycandakı satış şəbəkəsinə Bakı şəhərində (28 May küçəsi, 46E) yerləşən bir dükan və Heydər Əliyev adına beynəlxalq hava limanının rüsumsuz sahəsində yerləşən iki satış məntəqəsindən ibarətdir.
Mənbə:> AzNews.info