“Xalqların adət-ənənələri və milli yeməkləri” beynəlxalq xeyriyyə festivalında - FOTO
AzNews.info xəbər verir ki, Daşkənddə keçirilən “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalında Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil ediblər.
Özbəkistanda fəaliyyət göstərən 50-dən çox səfirlik və diplomatik nümayəndəliklərin iştirak etdiyi Festivalı Özbəkistanın Xarici İşlər Nazirliyi və onun Diplomatik Servis Xidməti tərəfindən təşkil edilib.
Festivalda Özbəkistanda səfirliklər və beynəlxalq təşkilatlar öz xalqlarının adət-ənənələrini nümayiş etdirmiş, qonaqlara öz milli yeməklərini və şirniyyatlarını təklif etmiş və sonda əldə olunan gəlir Daşkənddəki uşaq evlərinə əvəzsiz olaraq verilir.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Azərbaycan Səfirliyi, onun Mədəniyyət Mərkəzi, habelə Daşkənddəki azərbaycanlılar fəal iştirak ediblər.
Azərbaycan tərəfi builki festivalda iştirakını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr ediblər.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və s. qonaqlara təklif edilib.
Azərbaycan yeməklərinə festivalda böyük maraq göstərilmiş və ən çox sifariş verilən təamlar olub.
Tədbir çərçivəsində Festivalın Təşkilat Komitəsinə, Özbəkistandakı xarici ölkələrin səfirlərinə Azərbaycan yeməkləri və şirniyyatları ilə ziyafət verilmişdir.
Azərbaycan üçün ayrılmış guşədə Azərbaycan mədəniyyətinə dair suvenirlər, xalçalarımız, milli geyimlər, milli musiqi alətləri, həmçinin milli məişət əşyaları nümayiş etdirilib.
Guşədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mətbəxi ilə əlaqədar nəşrlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar sərgilənib.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırılıb, Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun Mədəniyyət Mərkəzi xüsusi fərqlənmə diplomuna layiq görülüb. Festival yerli KİV-lərdə geniş işıqlandırılıb.
Mənbə:> AzNews.info