Meksikada erməni təxribatının qarşısını aldı – FOTO
Azərbaycanın bu ölkədəki səfirliyindən “Report”a verilən məlumata görə, Mexiko şəhər rəhbərliyinin təşkilatçılığı ilə təşkil olunmuş yarmarkanın məqsədi Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər tərəfindən öz ölkələrinin mədəniyyətinin təbliği və tanıtdırılması, həmçinin Meksikada müxtəlif yerli və Avropa mənşəli mədəniyyətlərin birgə mövcudluğu və rəngarəngliyin dünya ictimaiyyətinə nümayiş etdirilməsidir.
Mədəniyyət yarmarkasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Meksikadakı səfirliyi də təmsil olunur.
Yarmarka Mexiko şəhərinin ən böyük meydanı, tarixi mərkəz olaraq adlandırılan “Zocalo” meydanında təşkil edilib. Təşkilatçıların bildirdiyinə əsasən, yarmarkada 94 ölkənin və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. Tədbir günləri ərzində milyonlarla şəhər sakini və turistlər beynəlxalq sərgiləri ziyarət edəcək.
Tədbir zamanı Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, adət-ənənələri, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarıhaqda məlumatlarla yanaşı, həmçinin ölkəmiz haqda məlumatlar və videoçarxlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə xəritələr nümayiş etdirilir və broşürlar paylanılır. Həmçinin, müxtəlif növ Azərbaycan xalçaları, üzərində “Azərbaycan – Odlar diyarı” yazılmış köynəklər, idman geyimləri, qolbağılar və digər əşyalar, habelə müxtəlif milli yemək və şirniyyat növləri ziyarətçilərə təqdim edilir.
“Yarmarkanı ziyarətə gəlmiş Mexiko şəhər sakinləri və çoxsaylı turistlər tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq göstərilir, Azərbaycan səfirliyinin təqdim etdiyi sərgi ziyarətçilərin diqqət mərkəzində yer alır”, - səfirliyin məlumatında bildirilib.
Yarmarkanın ilk günü Ermənistan üçün ayrılmış ərazidə “Böyük Ermənistan”ı əks etdirən xəritə yer alıb. Azərbaycan səfirliyinin səyləri nəticəsində xəritə təşkilatçılar tərəfindən götürülüb.
Mənbə:> Virtualaz.org