Fransada qadını parka bikini ilə gəldiyi üçün döydülər
Fransanın Reyms şəhərində parkda bikinidə günəş vannası qəbul edən qadını döyüblər.
Oxu.Az xəbər verir ki, hücumda günahkar olan 16-24 yaş arası xanımları saxlayıblar.
Hadisənin şahidləri və hüquq-mühafizə orqanları əməkdaşları hücum edənlərin dini motivləri olduğunu ehtimal edirlər.
Fransız və ya Şimali Afrika ölkələrindən birinin vətəndaşı olan qadın (nəşrin dəqiq məlumatı yoxdur), Léo Lagrange parkında günəşdə qaralırmış.
“The Independent” yazır ki, bir qrup qız ona yaxınlaşaraq onu təhqir etməyə başlayıb, eləcə də onu kütlə içində belə açıq geyimdə olmasına görə utandırmağa çalışıb. Şahidlərin sözlərinə görə, qadın onlara kobud şəkildə cavab qaytarıb, bu cavabdan sonra onu döyməyə başlayıblar.
Şahidlər davaya zamanında müdaxilə ediblər, bunun sayəsində bikinidə olan qadın yüngül travmalarla yaxa qurtarıb. Hadisə yerinə gələn polislər hücum edən şəxslərin əsasən müsəlmanların yaşadığı rayonun sakinləri olduğunu aşkar ediblər.
Reymsın meri Arno Robine bəyan edib ki, hadisənin araşdırılması zamanı ehtiyatlı davranmaq lazımdır, vaxtından əvvəl çıxarışlar etmək lazım deyil.
“Mən insanların baş verənlərdə niyə dini motiv gördüklərini anlayıram. Əgər onların haqlı olduqları üzə çıxarsa bu hadisəni ciddiləşdirəcək”, - o qeyd edib.
“The Independent” yazır ki, fransız blogerləri baş verən hadisəni “fransız dəyərlərinə radikal islam təhlükəsi” adlandırıblar.
Fransalı sosial şəbəkə istifadəçiləri baş verənlərə münasibətlərini #jeportemonmaillotauparc (parkda necə çimərlik geyimində gəzirəm) haşteqini işə salaraq münasibət bildiriblər.
Mənbə:> Oxu.Az