İtkin düşən azərbaycanlının meyiti tapıldı – UKRAYNADA
İyunun 24-dən Ukraynanın Xerson şəhərində itkin düşən azərbaycanlı - Vüqar Nuruşovun bu gün meyiti tapılıb.
AzNews.info-nun məlumatına görə, bu barədə məlumatı azadinform-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Xerson vilayəti üzrə təşkilatının rəhbəri Əlimərdan Kərimov verib.
Ə.Kərimov bildirib ki, 1976-cı ildə Beyləqan rayonunda anadan olan mərhum Nuruşov Vüqar Qiyas oğlu bir neçə ildir qardaşı ilə bərabər Xerson vilayətində kiçik ticarətlə məşğul olub: “Vüqar Nuruşovun itkin düşməsi ilə bağlı xəbər aldıqdan sonra axtarışına başladıq. Nəhayət bu gün Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polkovnik Şahin Qocayevin dəstəyi və UABD-nin vilayət təşkilatının məsələyə operativ müdaxiləsi nəticəsində Xerson polisi 2 saat ərzində mərhumun meyitinin və ardınca da avtomobilinin tapılmasına nail oldu. Mərhumun yaxınlarının meyitə baxışından sonra onun həqiqətən də Vüqar Nuruşov olduğu dəqiqləşdi. Hazırda cinayət işi ilə bağlı 3 nəfər şübhəli şəxs qismində həbs olunub, araşdırma aparılır. Saxlanılanlardan ikisinin icraçı, birinin isə sifarişçi olduğu ehtimal olunur”.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Azadinform-a bildirib ki, soydaşımızın cinayət işi Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi və UABD-nin Xerson vilayəti üzrə təşkilatı rəhbərliyinin nəzarətindədir.
Qeyd edək ki, hadisə iyunun 24-də baş verib. Mərhum başqaları tərəfindən harasa dəvət edilsə də bazarın iki mühafizəçisi tərəfindən öldürülüb. Öldürüldükdən sonra isə izi itirilərək basdırılıb, maşını isə gizlədilib.
Xatırladaq ki, mərhumun cənazəsinin Azərbaycana göndərilməsi istiqamətində hazırlıq işləri aparılır.
Mənbə:> Azadinform