Hacı İbrahimin holdinqi bağlandı
“Avesta Concern”in və “Khazar Islands”ın fəaliyyətini dayandırdığı bildirilir
Son günlər həbsi barədə məlumatlar yayılan tanınmış iş adamı Hacı İbrahim İbrahimovun (İbrahim Nehrəmli) prezidenti olduğu “Avesta Concern” şirkəti ləğv olunub. Bu barədə Publika.az-a Hacı İbrahim Nehrəmlinin köməkçisi məlumat verib.
Məlumatda qeyd olunur ki, iş adamı Azərbaycan Beynəlxalq Bankına olan borcla əlaqədar sözügedən şirkəti satışa çıxarıb. Bir neçə gün əvvəl isə “Avesta Concern”nin bütün işçilərinə işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Səbəb kimi isə şirkətin ləğv olunması və yaxud satışa çıxarılması göstərilib.
Bundan əlavə, şirkətin həyata keçirdiyi “Khazar Islands New City”, “Gold City” və digər layihələri də müvəqqəti olaraq dayandırılıb. İşdən çıxanlar arasında “Avesta Concern”-nin vitse-prezidenti Taleh Quliyev, ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Xaqani Cəfərli və digər şəxslər də var. İşçilərə deyilib ki, borcunu ödəyə bilsə, o zaman işçilərin hər biri təkrar öz vəzifələrini icra etmək üçün şirkətə çağırılacaq.
Məlumatda o da qeyd olunur ki, son günlər Azərbaycan Beynəlxalq Bankına olan borcla əlaqədar iş adamı Hacı İbrahim Nehrəmli tez-tez Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılır.
Mənbə:> Bizimyol.info