“AMAY Abdulla” hədəyə keçdi: “Elə bilməyin sakit qalacam...” » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

“AMAY Abdulla” hədəyə keçdi: “Elə bilməyin sakit qalacam...”

“AMAY Abdulla” hədəyə keçdi: “Elə bilməyin sakit qalacam...”


Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış etdilər.

Vəkil Əkbər Bağırov vəsatət qaldıraraq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini, zərərçəkmiş şəxslərin statusunun ləğv edilməsini məhkəmədən xahiş etdi: “Həmin şəxslər Abdulla Abdullayev tərəfindən onlara zərər dəymədiyini bildirdilər. Abdullayevə qarşı irəli sürülən bu ittihamlar qanunsuzdur, əsassızıdır”.

Vəkil Yavər Hüseynli vəsatətin təmin olunmasını istədi: “Abdulla Abdullayevin şəxsi keyfiyyətləri də həbs-qətimkan tədbirinin dəyişdirilməsinə imkan verir. Həmçinin onun məhkəmə istintaqından yayınma, istintaqa təsir göstərmə ehtimalı yoxdur. Hətta qapısı açılsa da qanuni qərar qəbul edilmədən heç yana gedən deyil. Zərərçəkmiş şəxslər bu iş üzrə zərərçəkən deyillər. Bu iş mülki xarakterlidir”.

Vəkil Osman Kazımov vəsatətə əlavə olaraq bildirdi ki, mülki xarakterli işə görə vətəndaşı həbsdə saxlamaq qanunsuzdur, bu, Avropa Məhkəməsinin qərarlarında da vurğulanır: “Həmçinin həbs-qətimkan tədbiri üçün Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan əsasların da heç biri yoxdur. Yaşayış yeri məlumdur, istintaqdan yayınma ehtimalı yoxdur. Nəinki şahidlərə və zərərçəkmişlərə təsir edir, əksinə, onların məhkəməyə gətirilməsinə birbaşa köməklik edir. Belə olan halda nə qədər sifariş olur olsun, adamı həbsdə saxlamaq qanunsuzdur. Azərbaycan dövləti adından qərar çıxaran yeganə qurum məhkəmədir. Ona görə də bu vəsatəti təmin edin”.

Dövlət ittihamçısı Fərid Nağıyev zərərçəkənlərlə bağlı vəsatətə münasibətində bildirdi ki, bu məsələyə sənədlərin tədqiqi mərhələsində baxılması məqsədəuyğundur. F.Nağıyev həbs-qətimkan tədbirinin dəyişdirilməsinə əsas görmədiyini dedi. Məhkəmə vəsatətləri təmin etmədi.

Bundan sonra məhkəmədə “AMAY” şirkətində təftiş aparmış auditor Adıgözəl Musayev şahid qismində dindirildi. O bildirdi ki, 2007-2010-cu illərin sənədlərinə əsasən təftiş aparıb. Müəyyən olunub ki, “Texnikabank” və “Birlikbank”dan 34 şirkət vasitəsilə götürülən kreditlər “AMAY”ın tikintisinə sərf olunub.

A.Musayev dövlət ittihamçısının suallarını cavablandırarkən qeyd etdi ki, biznes planında kreditlərin təyinatı başqa olsa da təqsirləndirilən Elşən Novruzovla firma rəhbərləri arasındakı razılaşmaya əsasən vəsaitlər “AMAY”ın tikintisinə sərf edilib.

“AMAY Abdulla” hədəyə keçdi: “Elə bilməyin sakit qalacam...”


Prokurorun “bu kreditlər üçün girov təqdim olunmuşdumu” sualı Abdulla Abdullayevin etirazına səbəb oldu: “Yadınızdan çıxarmayın ki, “Birlikbank”ın 20 min kvadratmetr mülkiyyəti var. Girov da qoyulub, pul da ödənilib. Məni atmısınız içəri. Bəs o həbs olunan 43 nəfərdən niyə ala bilmirsiniz? Mən hələ sakitəm. Amma elə düşünməyin sakit qalacağam. Mənim hüquqlarımı tapdamısınız. Mənim bu gün burada saxlanılmağım da qeyri-qanunudir. İstəyirsiniz mənə vətən xaini deyin, bu iş gedəcək Avropaya. Çünki məni adam yerinə qoymursunuz, hüquqlarıma tüpürürsünüz. 14 aydır içəridə saxlayırsınız. Günahım olsa, 140 il də oturaram. İçəri mənim üçün problem deyil. İstəyirsiniz içəridən soruşun, maraqlanın. Bir gün sizin də yolunuz düşə bilər. Bu boyda haqsızlıq olmaz”.

Daha sonra kreditlərin təyinatı üzrə xərclənməməsi məsələsinə də toxunan A.Abdullayev dedi ki, kredit girovla götürülürsə, sahibkar onun təyinatını müəyyənləşdirməkdə müstəqildir.

Sonra məhkəmədə Vilayət Səfərov və “Birlikbank”ın idarə heyətinin sədri olmuş Səriyyə Səmədova şahid qismində dindirildilər. Onlar ibtidai istintaqa verdikləri ifadələri təsdiq etdilər.

Bununla da məhkəmə prosesi mayın 29-dək təxirə salındı.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *