Türkiyədə rekord həcmdə kokain partiyası müsadirə edildi
İstanbul şəhərində Ambarlı limanında Sinqapurun bayrağı altında üzən gəminin yoxlanması zamanı Türkiyənin gömrük xidməti rekord həcmdə kokain partiyası – 110 kq müsadirə edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyənin Gömrük və Ticarət Nazirliyi bildirib.
“Əməliyyat çərçivəsində Türkiyəyə qaçaqmalçılıq yolu ilə narkotik keçirmə cəhdinin qarşısını almaq üçün gömrük nəzarəti əməkdaşları Ekvadordan İstanbul limanına üzən gəmini müşahidə ediblər.
Yoxlama zamanı gəmidən dörd çanta açıq rəngli toz aşkar edilib, yoxlamadan sonra onun kokain olduğu məlum olub. Ümumilikdə, 96 bağlamada olan 35 milyon lirə (təxminən 13 milyon dollar) dəyərində 110 kq kokain aşkar edilib”, - məlumatda deyilir.
İdarənin məlumatına əsasən, bu, Türkiyə gömrük xidməti tərəfindən bir dəfə də saxlanılan ən iri kokain partiyasıdır. Böyük Çekmece əyalətinin prokurorluğu istintaqa başlayıb.
Mənbə:> Oxu.Az