General oğlunun bıçaqladığı şəxslə bağlı yeni xəbər
DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin də iştirakçısı olduğu dava-dalaşda bıçaqlanan şəxslə bağlı "Yeni Musavat"a daha bir xəbər daxil olub. Həmin məlumatda deyilir ki, bıçaqlanan şəxsi xəstəxanadan oğurlayıblar:
“Hadisədən sonra həmin şəxsi təcili yardımla xəstəxanaya aparıblar. Həkimlər həmin şəxsi əməliyyat etdikdən sonra onu təcili şəkildə oradan çıxarıb naməlum istiqamətə aparıblar. Həmin şəxsin adının, soyadının ictimaiyyətdən gizlədilməsi də təsadüfi deyil. Bütün bunlar məsələnin obyektiv araşdırılmasının qarşısını almağa yönəlib. Həmin şəxsin xəstəxanadan çıxarılması səbəbindən faktiki olaraq işin araşdırlması əngəllənib".
Qeyd edək ki, bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarındakı mötəbər mənbəyə istinadən virtualaz.org saytı bıçaqlanan şəxsin müalicə aldığı xəstəxanada keçindiyi haqda xəbər yazmışdı. Baş Prokurorluqdan isə “Yeni Müsavat”ın sorğusuna cavabında bildirilmişdi ki, Tamerlan Əsədullayevin bıçaqla xəsarət yetirdiyi şəxs xəstəxanada müvafiq müalicə aldıqdan sonra evə buraxılıb: “Onun ölməsi barədə bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Yada salaq ki, aprelin 10-da Bakıdakı “Senator” restoranında general-mayor Şərif Əsədullayevin oğlunun iştirakı ilə dava-dalaş baş vermişdi. Dava zamanı bir nəfər bıçaqlanmışdı. O, ağır vəziyyətdə paytaxtdakı xəstəxanaların birinə yerləşdirilmişdi. Yerli mətbuatda onun restoranın mühafizəçilərindən biri olması barədə məlumat yayılmışdı. Bildirlirdi ki, Tamerlan Əsədullayevi istintaqa atası Şərif Əsədullayevin təhvil verib. İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Tamerlan Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının oğludur. Onu da yada salaq ki, “Senator”da baş verən hadisə T.Əsədullayevin ilk əməli deyil. Ötən ilin mayında Bakıda T.Əsədullayev və dostları polisləri döydüklərinə görə gündəmə gəlmişdi. “Qış parkı”nın yaxınlığında gecə saat 04 radələrində növbə çəkən Post Patrul Xidməti polisləri sərxoş vəziyyətdə olan T.Əsədullayevin bir qadını döydüyünü görərək onu saxlamağa cəhd etmişdilər.
Mənbə:> Yeni Müsavat