“Oazis”də dava salanlardan biri evə buraxıldı
“Oazis” restoranında müştərilərlə restoran işçiləri arasında yaşanmış qalmaqal Binəqədi rayon Məhkəməsində baxılıb.
Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə,.davada günahlandırılaraq həbs edilən Ravid Yusif oğlu Abdullayev barədə qərar qəbul olunub. O, məhkəmə zalında ifadə verib. Onun barəsində ittihamlar səsləndirilib.
Məhkəmənin qərarı ilə Ravid Abdullayev xüsusi nəzarətə götürülüb. Himayəsində azyaşlı uşağın olması nəzərə alınaraq, istintaqın ev şəraitində davam etməsinə qərar verilib. Hələlik məhkəmənin növbəti görüşü dəqiq bilinmir
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu “Oazis” restoranında baş verən kütləvi dava ilə bağlı xəbər yayıb. Xəbərdə bildirilib ki, sentyabrin 2-də saat 02:00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Oazis” restoranında müştərilərlə restoranın işçiləri arasında dava düşüb.
İctimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən münaqişə zamanı Bakı şəhər sakini Zaur Əsgərov və başqaları bədən xəsarətləri alıb.
Fakta görə, rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəlləri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülmüş, çoxsaylı şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
İnsidentlə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan videogörüntülər cinayət işinin materiallarına əlavə olunub.
Həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ravid Yusif oğlu Abdullayev, restoranda mühafizəçi işləyən Camal Mahir oğlu Məmmədov və ofisiant Kənan Mehman oğlu Adıgözəlov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Mənbə:> ANSPRESS