Etibarnamədən sui-istifadə edənlər – VİDEO
Etibarnamələrdən istifadə ilə dələduzluq halları artıb.
ANS TV-nin məlumatına görə, etibarnamə ilə daşınan və daşınmaz əmlak alıb, sonradan məhkəmə yollarında qalan yüzlərlə insanlar var. Problem özünü ticarətin hüququ müstəvisində göstərir. Belə ki, bu gün avtomobil alan və satanın böyük əksəriyyəti bu prosesi etibarnamələr vasitəsi ilə həyata keçirirlər. Məsələnin isə problemli tərəfi ondadır ki, etibarnamə ilə avtomobili satan şəxs daha sonra qarşı tərəfə etibarsızlıq edir. Yəni satan tərəf ölkə qanunlarının ona verdiyi imkandan yararlanaraq etibarnaməni ləğv edib avtomobili geri alır. Bu zaman isə qarşı tərəfə böyük zərər dəyir.
Hüquqşünas Adəm Məmmədov deyir ki, təcrübədə də özünü göstərir ki, mülkiyətçisi olan şəxsin hər hansı bir banka və ya digər təşkilata borcu olması məhkəmə tərəfindən araşdırılır. Amma etibarnamə verməsinə baxmayaraq, mülkiyətçi etibarnamə verən şəxsin özü olur.
Alan tərəfin əlində pulu ödəməsinə dair sənəd olmadığından məhkəmə qarşısında sübutsuz qalır. Beləliklə, ödədiyi pulunu da itirir, aldığı avtomobili də. Hazırda belə dələduzların sayı artıb. Hüquqşünaslar məsələhət görür ki, bu cür neqativ hallarla üzləşməmək üçün avtomobil ticarəti qanuni şəkildə aparılsın. Yəni əmlakın alışı və satışı keçirildikdən sonra pul müqavilə əsasında satan tərəfə ödənilsin.
Adəm Məmmədov onu da qeyd etdi ki, insanların məhz avtomobili etibarnamə yolu ilə alması və satması işi asan yolla həll etmək istəyi ilə bağlıdır. Lakin işlərini bu yolla sadəlləşdirənlər gələcəkdə böyük bir mürəkkəbliklə qarşılaşır. Bundan başqa avtomobilin etibarnamə ilə alış və satışı bəzən satan tərəfdə ciddi problem yaradır.
Satan tərəfin ziyanına gəldikdə isə avtomobil hər hansı bir şəxsə satıldıqdan sonra bu nəqliyyat vastəsi ilə qəza və yaxud da cinayət hadisəsi törədilirsə, işin araşdırılması üçün aparılan istintaqa avtomobilin köhnə sahibi də cəlb olunur.
Etibarnamədən sui istifadə halları təkcə bir şəxslər arasında problemə çevrilmir, həm də cəmiyyətdə inamsızlığa gətirib çıxarır.
Ümumiyytlə etibarnamələrin verilməsi zərurəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində öz əksini tapıb. Etibarnamə bir şəxsin 3-cü şəxs qarşısında təmsil olunması üçün digər şəxsə verilmiş vəkalətnamədir. Etibarnamə verən şəxs öz hüquq və vəzifələrinin həyata keçirilməsini digər şəxsə etibar edə bilər.
Mənbə:> ANSPRESS