“Alışanov gəzdiyi qızlardan birini dağdan atıb öldürdü”
AzTV sədri Arif Alışanova sui-qəsd cəhdinə görə mühakimə olunanların işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.
virtualaz.org saytının əməkdaşı məhkəmə zalından xəbər verir ki, ittihama görə, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.
Təqsirləndirilən Şücaət Əkbərov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Təqsirləndirilən Qocalı Cəbiyev də ittihamla razılaşmayıb: "Hamısı yalandır, nə silah daşımamışam, nə silahım olub. Silah daşıyanı tutun".
Prosesdə Şücaət Əkbərova ifadə vermək təklif olunub. Ş.Əkbərov 2007-ci ildən Arif Alışanovu tanıdığını deyib: "Arif Alışanov 120 hektar torpaq almışdı Şamaxıdan, mən də maklerlik edirdim ona. 2011-ci ilə qədər bu davam edib. Torpaqların alqı-satqısını Arif Alışanovun kürəkəni Fəridlə sürücüsü Hacı həll edirdi. Arif Alışanov 2011-ci ildə mənə zəng vurub dedi ki, kürəkənim Fəridin adında olan torpaqları keçir Mehribanın adına. Guya, torpağı qaynanasına satır. Sən demə, qızı ilə kürəkəni boşanıblarmış, düşmən olublar".
Ş.Əkbərov torpaq sahələrinin alqı-satqısında özünün də iştirak etdiyini deyib. İttihamların hamısının şər-böhtan olduğunu söyləyən Ş.Əkbərov şahid ifadələri ilə bunu sübut edəcəyini deyib.
Prosesin davamında təqsirləndirilən Ş.Əkbərov A.Alışanovun münasibətdə olduğu qızlardan birini dağdan çaya atdıqlarını deyib: "Əvvəl Arif müəllim həmin qızla gəlirdi Şamaxıya. 2016-cı ildə itkin düşən qızların şəkillərini gətirin, göstərim. Həmin qızla sonra kürəkəni gəzirdi. Bütün bunları bilirdim deyə, məni də ortadan götürtmək istəyirdi".
"Mənim Arif Alışanovu öldürmək niyyətim olmayıb. İstintaqda da demişəm bunu. Onu öldürmək istəyən başqaları olubsa, deyə bilmərəm. Onu öldürməklə mən nəyə nail olacaqdım ki? Əksinə, gəlib torpaq alırdı, onun sayəsində pul qazanırdım. Ürəyimdən əməliyyat olunanda mənə 10 min pul vermişdi. Arif müəllimin əmlakları, evi, torpağı, nəyi varsa, Hacının adına olub. Arif Alışanovun hələ mən bildiyim 70 milyonluq əmlakı var", - Ş.Əkbərov deyib.
Məhkəmə prosesi 14 mart saat 10:30 -da davam edəcək.
***12:45
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə təqsirləndirilən Şücayət Əkbərov vəsatətlə çıxış edərək, Arif Alışanovun məhkəmə prosesində iştirak etməsini istəyib. Əks təqdirdə məhkəmənin təxirə salınmasını xahiş edib.
Ş.Əkbərovun vəkili də həyatına sui-qəsd edildiyi, külli miqdarda dələduzluğa məruz qaldığı iddia edilən A.Alışanovun məhkəmədə iştirakının vacibliyini vurğulayıb: "Müdafiə etdiyim şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmir. Zərərçəkmişin məhkəmədə verəcəyi ifadəsi işin daha obyektiv və hərtərəfli araşdırılmasını təmin edəcək".
Zərərçəkmiş A.Alışanovun nümayəndəsi vəsatətin əsassız hesab olunmasını və təmin edilməməsini istəyib: "Mənim vəkili olaraq zərərçəkmişin adından ifadə vermək və sualları cavablandırmaq hüququm var. Əgər məhkəmə prosesi zamanı hər hansıs sual yaranarsa və mən onu cavanlandıra bilmərəmsə, o zaman Arif Alışanov özü iştirak edə bilər".
Məhkəmə vəsatəti təmin etməyib.
Hakim Ə.Hacıyev dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə A.Alışanovun iddia ərizəsi daxil olduğunu bildirib. Mülki iddiada Şücayət Əkbərovun A.Alışanova 4 milyon 582 min manat ödəməsi tələb edilib.
Ş.Əkbərovun vəkili müdafiə etdiyi şəxsin iki dəfə açıq ürək əməliyyatı keçirdiyini bildirib, onun qapalı şəraitdə saxlanıldığını, səhhəti ilə bağlı ekspertiza keçirilməsini istəyib.
Ş.Əkbərov məhkəməyə müraciət edərək ağır şəkər xəstəsi olduğunu deyib: "Bu iş ört basdır edilməməlidir, hər şey açılmalıdır. Bu işin bir tərəfi Eldar Mahmudova gedib çıxır".
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. Onun avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu da baş tutmadıqda Alışanovu gülləmək planları barədə istintaq materiallarında ətraflı bəhs edilir.
İş materiallarında iddia olunur ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib. O, tanışları Musabi Namazov, Qoçalı Cəbiyevə bu haqda danışıb, Qoçalının vasitəsilə Zöhrab Şirinovu tapıb, onunla razılığa gəlib. Q.Cəbiyevlə M.Namazova söz verilib ki, onlar bu işin əvəzində 600 min manat pul qazanacaqlar.
Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızı Nigarı və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib. Ona görə də bu işi başqa bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub.
Bu dəfə plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqda da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib.
Növbəti dəfə isə Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş «Toyota Land Cruiser» markalı avtomaşını özünün idarə etdiyi «Niva» ilə bir neçə dəfə arxa və yan hissəsindən vurub yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib.
Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib.
İttihamda yazılıb ki, 2017-ci ilin yanvarın 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahla öldürmək qərarına gəliblər, amma plan yenə baş tutmayıb. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, iş materiallarında yazılanların şər-böhtan olduğunu deyirlər.
Mənbə:> Virtualaz.org