Leyla və Arif Yunuslar ev dustaqlığı istəyir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə məhkəmə baxışının başalayacağı tarix elan olunub. Bildirilib ki, məhkəmə baxışı iyulun 27-nə təyin olunub.
Daha sonar Leyla Yunusun vəkilləri Ramiz Məmmədov və Elçin Qəmbərov vəsatətlətlə çıxış etdilər. Vəkillər təqsirləndirilən şəxs barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi və L.Yunusun şüşə qəfəsdən çıxarılması barədə vəsatət qaldırdılar. Bu vəsatətlərin heç biri təmin olunmadı.
Arif Yunusun vəkili Əfqan Məmmədov da hüquqlarını müdafiə etdiyi şəxs barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsi və cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırdı. Lakin bu vəsatətlər də qəbul edilmədi.
Vəkil Ramiz Məmmədov Leyla Yunusun səhhətinin pis olduğunu əsas götürərək onun ev dustaqlığına buraxılmasının vacib olduğunu bildirdi. Dedi ki, Avropa Birliyinin hesabına onun üçün 40 min manatlıq dava-dərman gətirilib, müvəkkili o dərmanları qəbul edir, lakin səhhətindəki problemlər də qalır, ona görə də onun barəsindəki həbs-qətimkan tədbiri ləğv edilməli, o, ev dustaqlığına buraxılmalıdır. Bu vəsatət də təmin olunmadı.
Hakimlər müşavirəyə getməyə hazırlaşarkən isə L.Yunus yerdən danışmağa başladı. O, xəstə olduğunu, təzyiqlərə məruz qaldığını iddia etdi, özünə qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirdi.
Hakim isə L.Yunusa iclası pozmaması üçün xəbərdarlıq edərək ona yerindən danışmağını irad tutdu. Bununla da proses yekunlaşdı. Növbəti məhkəmə prosesi iyulun 27-nə təyin olundu.
Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib.
Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Mənbə:> Virtualaz.org