Sökülən qanunsuz villalara görə daha iki nəfər həbs edildi
Bakının Səbayel rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə şübhəli bilinən daha iki nəfər saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbayel rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan qərarı qəbul edilib. E.Məmmədov və F.Quliyev istintaq təcridxanasına göndərilib.
Qeyd edək ki, BŞBPİ əməkdaşlarının iyunun 15-də keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu da tutularaq istintaqa cəlb edilib. T.Hüseynov barəsində BŞBPİ İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
T.Hüseynovun hüquqi nümayəndələri onun barəsində Xətai Rayon Məhkəməsində çıxarılan həbs-qətimkan qərarının dəyişdirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etsələr də dünən keçirilən prosesdə onun həbsdə saxlanılması barədə qərar çıxarılıb.
"Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev ötən ay keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların (onların sahibləri bilinmir) sökülməsinə başlanılıb. Qeyd edək ki, həbs olunan şəxslərdən biri - T.Hüseynov tanınmış rejissor, xalq artisti Tofiq İsmayılovun kürəkənidir.
Mənbə:> Report.az