Moskvada erməni taksi sürücüsü avstraliyalını doğradı
Rusiya paytaxtının cənubi-şərqində taksi sürücüsü sərnişini – Avstraliya vətəndaşını doğrayıb. Şübhəli bilinən şəxsi təqib edərək saxlamaq mümkün olub.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bazar günü 10.25 radələrində polis avtopatrulu “Profsoyuznı” küçəsindən keçərkən “Hyundai Sonata” markalı avtomobilin salonunda sürücü və sərnişin arasında davanın baş verdiyini görüb.
Polislər maşını saxlamağa cəhd ediblər, amma sürəti artıran sürücü qaçmağa çalışıb. Yalnız 5 dəqiqədən sonra artıq “Novoçeremuşkinski” küçəsində avtomobilin yolu kəsilib və salonda polislər döş qəfəsində və bud nahiyəsində deşik-kəsik yaraları olan 32 yaşlı kişini aşkar ediblər.
“Polislər dərhal təcili yardım maşını çağırıblar və avtomobilin sürücüsünü – 54 yaşlı Ermənistan vətəndaşını saxlayıblar. Baxış zamanı yaralının portmanesi və sənədləri, eləcə də qan izləri olan bıçaq tapılıb. Saxlanılan şəxs ərazi polis bölməsinə gətirilib. Yaralı təcili yardım maşınında dünyasını dəyişib. Müəyyən edilib ki, həlak olan şəxs müştərək müəssisələrdən birində menecer işləyən Avstraliya vətəndaşıdır”, - həmsöhbət bildirib.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin “qətl” maddəsi üzrə cinayət işi açılıb.
Mənbə:> Oxu.Az