Bakıda turistin başına oyun açan əxlaqsız qadınlar saxlanıldı
İyunun 20-də DİN-in “102 Zəng Mərkəzi”nə Səbail rayonunun Neftçilər prospekti ərazisində İraq vətəndaşı olan turistin gecə saat 3.30 radələrində 3 min manat pulunun və mobil telefonunun oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, xəbər dərhal aidiyyəti üzrə Səbail RPİ-nin 9-ci Polis Bölməsinə ötürülüb.
Məlum olub ki, ölkəmizə turist kimi səfərə gəlmiş İraq vətəndaşı Manaf Abdulməcid həmin gün tanış olduğu 3 qadını kirayədə qaldığı mənzilə dəvət edib. Qısa tanışlıqdan sonra Manafın hamam otağında olduğu müddətdə həmin qadınlar evi tərk ediblər. Geri qayıdan M.Abdulməcid əl çantasında olan 3000 manat pulunun və “Samsung” markalı mobil telefonunun aparıldığını aşkar edib.
Polisin onların əlamətləri barədə sorğusuna cavab olaraq Manaf həmin qadınlardan birinin qolunda xüsusi görünüşü ilə fərqlənən döymə olduğunu da bildirib.
Təhlükəsiz Şəhər kameralarının görüntüləri əsasında həmin vaxt binadan çıxan qadınların taksiyə əyləşərək getdikləri müəyyən edilib. Taksinin sürücüsü qısa vaxtda tapılaraq Polis Bölməsinə dəvət edilib və həmin vaxt sərnişin qismində tanımadığı 3 qadını Fəvvarələr meydanı yaxınlığına apardığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qolunda göstərilən əlamətlərdə döymə olan qadınlardan biri – B.D Fəvvarələr meydanı yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib. O, oğurluğu tanışları olan D.B və J.H ilə birlikdə törətdiklərini etiraf edib. Əməliyyatçılar həmin qadınların da yaşadıqları ünvanları müəyyən edərək onları şübhəli şəxs qismində Polis Bölməsinə gətiriblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az