Telman İsmayılovun o biri qardaşı da qətl işinə qarışdı: killeri evində gizlədib...
Azərbaycanlı oliqarx və müflis duruma düşmüş keçmiş milyarder Telman İsmayılovun daha bir qardaşı iki nəfərin qətli işi üzrə fiquranta çevrilir.
Virtualaz.org xəbər verir ki, bu ili mayında Moskvada iki biznesmeni güllələyən killerin Telman İsmayılovun digər qardaşı Vaqif İsmayılovun evində gizləndiyi məlum olub. Vaqif İsmayılov Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməkdaşıdır. Killer Mehman Kərimovun Vaqif İsmayılovun evində gizləndiyini T.İsmayılovun qardaşı Rafiq İsmayılovun sifarişi ilə öldürülən rusiyalı biznesmen Vladimir Savkinin oğlu Roman Savkin bildirib.
Xatırladaq ki,T.İsmayılovun qardaşı Rafiq İsmayılov bu ilin mayında baş vermiş ikili qətlə görə həbs olunub. Məlum olub ki, o, Savkinlə orta biznesə-ticarət kompleksinə malik olub. Lakin biznesi sataraq 10 milyon dollar gəlir əldə etsə də bu puldan ortağına çatmalı olan 5.6 milyon dolları vermək istəməyib. Əvəzində Savkini aradan götürmək qərarına gəlib və bu işi əvvəllər məhkum olunmuş Mehman Kərimova həvalə edib. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb. Məlum olub ki, bu qətlin arxasında Rafiq İsmayılovun dayandığı hələ may ayında məlum idi və o, saxlanılmışdı. Lakin Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən yayındıra bilib və buraxdırıb.
Savkinin oğlu deyib ki, o, atasının qətlinn sifarişçisinin həbsinə nail olmaq üçün aylarla Rusiya İstintaq Komitəsinin qapılarını döyüb. Nəhayət komitənin rəhbəri Aleksandr Bastrıkinlə görüşməyə nail olub. Bastrıkin əhvalatı dinləyəndən sonra işin araşdırılmasını Moskva ətrafı vilayətinin Krasnoqorsk rayonunun istintaq şöbəsindən alıb, Moskva vilayəti üzrə baş istintaq idarəsinə verib. Yeni müstəntiq işin üstünü bir neçə günə açıb.
“Videomüşahidə kameralarının görüntülərinə əsasən atam və dostu Yuri yanacaqdoldurma məntəqəsindən 7 kilometr məsafədə güllələnib. Həmin vaxt atamın “Land Cruiser”inin arxasınca Rafiq İsmayılovun sürdüyü, onun oğluna məxsus “Mercedes” gedirdi. Telefon danışıqlarının deşifrəsi nəticəsində məlum olub ki, Kərimov İsmayılova zəng vurub. Baxmayaraq ki, onlar hadisədən az əvvəl bir maşında olublar”-biznesmenin oğlu deyib.
Roman Savkinin bildirdiyinə görə, killer qətlə görə bütün məsuliyyəti üzərinə götürüb. Rafiq İsmayılov isə ifadəsində deyib ki, Mehman Kərimov onun tanışıdır və hadisə vaxtı “təsadüfən” ona sürücülük edirdi...
RİA Novosti isə xəbər verir ki, Rafiq İsmayılov əslində iki ay əvvəl həbs olunub, onun barəsində çıxarılmış 2 aylıq həbs qətimkan tədbiri bu gün başa çatır. Və bu gün Moskvaətrafı rayonlarından birinin məhkəməsi onun barəsində çıxarılmış həbs qətimkan tədbirinin uzadılması barədə vəsadətə baxacaq. R.İsmayılovu may ayında həbsdən buraxan müstəntiq isə artıq işdən çıxarılıb...
Mənbə:> Virtualaz.org