Telman İsmayılovun müflisləşmə proseduru başlandı
Moskva vilayətinin Arbitraj Məhkəməsi VTB qrupuna daxil edilən “BM-Bank”ın (keçmiş Bank Moskva) Çerkizovo bazarının keçmiş sahibi, AST şirkətlər qrupunun qurucusu Telman İsmayılovun müflis olduğuna dair ərizəni əsaslı hesab edib.
Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, məhkəmə onun barəsində müflisləşmənin ilkin proseduru hesab edilən borc restrukturizasiyasını təsdiqləyib və T.İsmayılovun banka 17,4 milyard rubl borcunu kreditorların tələblərinin siyahısına daxil edib .
Məhkəmə restrukturizasiya planının təsdiq edilməsinə dair iclası dekabrın 15-nə təyin edib.
Qeyd edək ki, son illər Azərbaycan əsilli milyarderin işləri heç də yaxşı getmir. Cari ilin avqust ayında da Moskva bankı Arbitraj məhkəməsində Telman İsmayılovun firmasına qarşı iddia irəli sürüb. Moskva Bankı cavabdehin əmlakının həbsi barəsində də məhkəməyə ərizə versə də, amma iddiaçının bu xahişi təmin edilməyib. Söhbət Telman İsmayılovun rəhbərlik etdiyi “AST” şirkətlər qrupundan Moskva Bankının 213 milyon dollarının geri alınmasından gedib.
Mənbə:> Oxu.Az