Rusiyada azərbaycanlını oxla vuran qadına 11 il “iş” həbs
Moskvada təsadüfən kafedə tanış olduğu kişini silahın gücünü yoxlamaq üçün arbaletdən vurmuş qadın cəzasını ümumi rejimli həbsxanada çəkməklə, 11 il azadlıqdan məhrum edilib, Rusiya İstintaq Komitəsinin paytaxt idarəsinin nümayəndəsi Yuliya İvanova bildirib.
“Məhkəmə Marina Çertova və Sergey Kuznetsovu qətldə, qətlin hazırlanmasında, qətlin təşkili və qətlin təşkilinə hazırlıqda günahkar bilib.
Məhkəmənin hökmü ilə Çertova cəzasını ümumi rejimli həbsxanada çəkməklə 11 il, Kuznetsov isə ciddi rejimli həbsxanada çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilib”, - deyə, İvanova bazar ertəsi “İnterfaks”a bildirib, Oxu.az xəbər verir.
13 sentyabr 2012-ci ildə Moksva Dairəvi Yolunun 6-cı kilometrində bədəni oxla deşilmiş 29 yaşlı Azərbaycan vətəndaşının meyiti aşkarlanıb.
İstintaqın məlumatına görə, üçüncü şəxslər qarşısında borcu olan 41 yaşlı Moskva sakini Kuznetsov pulu qaytarmaq istəmədiyi üçün borclu olduğu şəxslərin qətlini təşkil etmək qərarına gəlib.
Bunun üçün o, 33 yaşlı Çertova ilə əlbir olub, əvvəlcədən qətl üçün silah – sualtı ov arbaleti alıb və cinayət planını hazırlayıb.
Silahı yoxlamaq üçün qadın yolkənarı kafedə təsadüfi kişi ilə tanış olub və onu düşünülmüş bəhanə altında yaxınlıqdakı gölə tərəf aparıb.
Burada qadın əvvəlcədən kolluqda gizlədilmiş arbaletdən kişinin kürəyinə atəş açıb. Azərbaycan vətəndaşı aldığı yaradan dünyasını dəyişib.
Mənbə:> AZXEBER.COM