Azərbaycanlı İŞİD yaraqlılarının şikayəti rədd edildi
Bakı Apellyasiya Məhkəməsində Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov və Tural Məmmədovun CM-nin 279.1-ci (Azərbaycan Respublikasının qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qruplar yaratma) və 283-cü (milli, irqi sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən ötən ilin sentyabr ayında saxlanılıblar. İttiham aktına əsasən, onlar Suriyada Bəşər Əsədə qarşı “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının tərkibində qanunsuz döyüşməkdə şübhəli bilinən 26 Azərbaycan vətəndaşının sırasında olublar.
Elşən Qurbanlı, Nadir Əlixanov və Bəhruz Rəsulov ittiham üzrə özlərini qismən təqsirli biliblər, Tural Məmmədov və Kamran Əzizov isə özlərini təqsirli hesab etməyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Əzizov və Tural Məmmədov 14 il 6 ay, Elşən Qurbanlı və Nadir Əlixanov 13 il, Bəhruz Rəsulov 12 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsi barədə apellyasiya şikayətləri veriblər.
Bakı Apellyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Mənbə:> Oxu.Az