Maştağada qətl törədən Xızı sakininə hökm oxundu – FOTO
Bakı Apellyasiya Məhkəməsində Xızı rayon sakini Yarəli Dadaşovun (1994-cü il təv.) CM-nin 120.2.1-ci (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il oktyabrın 24-də Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən “Göl” ərazisində Yarəli Dadaşov dostu Asim Bunyatovla (1996-cı il təv.) aralarında yaranan münaqişə zəminində Gədəbəy rayon sakini Röyal Nəcəfovu (1992-ci il təv.) qətlə yetiriblər və meyitini sahilə ataraq, hadisə yerindən qaçıblar. Səhərisi gün təqsirləndirilən şəxslər könüllü Sabunçu RPİ 14-cü polis bölməsinə gələrək, törətdikləri əməli etiraf ediblər.
İlkin olaraq rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Röyal Nəcəfov aldığı çoxsaylı kəsici-deşici yaralar fonunda yaranan kəskin qanitirmədən dünyasını dəyişib. İstintaqın gedişatında Asim Bunyatov qəflətən vəfat etdiyi üçün onun barəsində olan cinayət işinə xitam verilib.
Məhkəmə prosesində Yarəli Dadaşov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, bildirib ki, bir neçə ildir pul qazanmaq məqsədilə mobil internet saytlarının düzəldilməsi ilə məşğul olub. Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ildə Röyal Nəcəfovla tanışlığı da sayt işi ilə bağlı olub və sonradan dostluğa çevrilib.
“2013-cü ilin fevral ayında Röyal mənə zəng edib, “eleme.az” saytını satdığını, həmin saytda gündəlik 300-400 nəfərin qeydiyyatdan keçdiyini dedi. Saytı 400 manata almağa razılaşsam da, şərt qoydum ki, 4-5 gün işlədib baxacam, yaxşı olsa pulunu verəcəm. Həmin saytı server kimi 4 gün işlətdikdən sonra gördüm ki, sayta qeydiyyatdan keçənlərin sayı gündəlik 50-60 nəfərə düşür.
Bu səbəbdən Röyala zəng edib, saytı qaytarmaq istədiyimi dedim. O, Gəncədə olduğunu, 3-4 günə gələcəyini dedi. 15-20 gün sonra avtovağzalda görüşdük və Röyal məndən 400 manatı tələb etdi. Mən isə ona əvvəlcədən şərt kəsdiyimizi və qaytarmaq üçün vaxtında söz dediyimi bildirdim. Elə orda serverin parollarını Röyala verdim. Təxminən 1 il ərzində Röyalla görüşəndə həmişə məndən pul tələb etsə də, aramızda danışıq olduğunu və pulu verməyəcəyimi dedim.
Oktyabrın 24-də mən tanışım Asimlə, işlədiyi təkərlərin təmiri sexində domino oynayarkən Röyal zəng elədi və kobud danışıqla pulunu tələb edib. Söhbəti Asimə danışandan sonra, o mənə dedi ki, gəl gedək, söhbət edək, birdəfəlik bu mövzunun axırına çıxaq. Nəcəfova zəng etdim, 15-20 dəqiqədən sonra görüşdük və söhbət etmək üçün Maştağaya yollandıq”.
Asim söhbəti yumşaltmağa çalışanda, Röyal ünvanına ana söyüşü söyüb. Buna görə Bunyatzadə bıçaqla Nəcəfova ilk zərbəni vurub.
“Ardınca mən başımla ona zərbə atdım. Röyal yenə də bizi söyürdü, kürəyindən 3-4, bud nahiyəsindən 5 zərbə vurdum. Nəcəfov yerə yıxıldı və artıq tərpənmirdi, telefonu yerə düşmüşdü. Asimə mərhumun iki telefonunu və pul qabını verdim ki, apar bunları at gölə. Fikirləşdik ki, meyiti də gölə ataq, sürüyə-sürəyə bir az gətirdik, amma gölün ətrafı bataqlıq olduğundan apara bilməyəcəyimizi başa düşdük və onu atdıq.
Hadisə yerindən çıxdıq və mağazadan 2 qutu siqaret alaraq Ramana qəsəbəsinə gəldik. Kafedə oturarkən qərar verdik ki, gedək polisə təslim olaq. Səhərə yaxın 14-cü polis bölməsinə gəldik və növbətçiyə adam öldürdüyümüzü bildirdik”.
Digər təqsirləndirilən şəxs - Asim Bünyatov artıq dünyasını dəyişdiyi üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib.
Zərərçəkən Müzəffər Nəcəfov oğlunun xirda ticarətlə məşğul olduğunu bildirib. Ayın 23-də Röyal ona deyib ki, “uşaqlar zəng vurub, pulumu gətiriblər, 186 nömrəli avtobusun axırıncı dayanacağında məni gözləyirlər”.
Gecə vaxtı evdən çıxmasına narazılıq etməyinə baxmayaraq oğlu narahat olmamasını və tez qayıdacağını deyib. Amma artıq gecəyarısı Röyalın heç bir telefonuna zəng çatmayıb, səhər isə ona zəng vurub 3 saylı xəstəxanaya gəlməsini xahiş ediblər. Ora gəldikdə oğlunun öldürüldüyünü bilib. Zərərçəkən qeyd edib ki, Röyal nəinki hadisə baş verən gün, ümumiyyətlə heç vaxt üzərində bıçaq gəzdirməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il 6 ay müddətinə azdlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən Y.Dadaşov apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq dövlət ittihamçısının protestini təmin edib, belə ki qərara əsasən təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ilk 3 ilini həbsxanada çəkəcək.
Mənbə:> Oxu.az