Avar Musiqili-Dram teatrı Balakən rayonununda olmuşdur – FOTO
AzNews.info xəbər verir ki, Azərbaycan–Dağıstan Hökümətlərarası Sazişə, habelə Dağıstan Hökuməti ilə əldə olunmuş razılığa əsasən 11-13 may 2016-cı il tarixdə ilk dəfə olaraq ölkəmizdə Rusiya Federasiyası Dağıstan Respublikasının Mədəniyyət Günləri keçirilmişdir.
Mədəniyyət Günləri çərçivəsində 12 may 2016-cı il tarixdə H.Sadası adına Avar Musiqili-Dram teatrının 32 nəfərlik truppası Balakən rayonununda qastrol səfərində olmuşdur. Qonaqlar əvvəlcə Mədəniyyət Mərkəzinin qarşısında gül-çiçək və şərbətlə qarşılanmış, əvvəlcədən hazırlanmış proqram əsasında rayon Tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, xatirə kitablarına öz ürək sözlərini yazmışlar. Heydər Əliyev adına Mədəniyyət və istirahət parkı və kanat yolu ilə gəzinti qonaqlarda böyük təəssürat yaratmışdır.
Dağıstan Respublikası və rayon İcra hakimiyyəti səlahiyyətli nümayəndələrinin də qatıldığı tədbirdə əvvəlcə Azərbaycanın çoxəsrlik multikultural dəyərlərə malik olduğu, Balakən rayonunda müxtəlif millətlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı haqqında məlumat verilmişdir. Daha sonra rayon rəhbərliyi və rayon ictimai fəallarına, həmçinin mədəniyyət işçilərinə diplomlar və xatirə hədiyyələri təltif edilmiş, eləcə də rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən dostluq və qardaşlıq simvolu kimi kollektivə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
Tədbirdən sonra şam yeməyi zamanı bu cür görüşlərin xalqlar arasında dostluq və qardaşlığın daha da möhkəmlənməsinə rəvac verdiyi vurğulanmış, hər iki ölkənin şərəfinə sağlıqlar deyilmişdir.
Mənbə:> AzNews.info