Sumqayıtda iki müəssisənin fəaliyyəti dayandı
Sumqayıtda şəhərin ekoloji durumu ilə əlaqədar təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi nəzarətə götürülüb. Mərkəzi və yerli icra orqanları ilə birgə müəssisə və təşkilatları cəlb etməklə ekoloji tarazlığın pozulmasının qarşısını almaq üçün ardıcıl tədbirlər həyata keçirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Azərtaca–a bildirilib ki, atmosferə buraxılan çirkləndirici maddələrin qarşısının alınması məqsədilə aidiyyəti qurumlar tərəfindən “İmperator” Qida Sənaye Ticarət Müəssisəsinin və “Aznur” MMC-nin qurğuşun əritmə sexlərinin fəaliyyəti dayandırılıb. Bir çox istehsalat sahələrində texnoloji proseslərdə müvafiq dəyişikliklər edilməklə, istehsal şəraitinin müasir tələblər səviyyəsində yenidən qurulmasına nail olunub.
Son dövrlərdə şəhərin havasının korlanmasına təsir göstərən məişət tullantılarının zərərsizləşdirildiyi poliqonda yanğının qarşısı tamamilə alınıb, ərazi torpaq qatı ilə örtülüb. Həmçinin məişət tullantılarının yığılması, daşınması və zərərləşdirilməsi istiqamətində müəyyən işlər görülüb. Tullantıların yığılması üçün 300 konteyner dəyişdirilib, məntəqələrin sayı 325-dən 350-yə çatdırılıb. Stansiya Sumqayıt, Qurd dərəsi, BTZ bağları, Acı dərə kanalı boyu ərazilərdən tullantıların daşınması təşkil olunub, qeyri-mütəşəkkil zibilxanaların sayı minimuma edirilib.
Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi, şəhər, qəsəbə nümayəndəlikləri, Gigiyena və Epidemologiya Mərkəzi və bələdiyyələr şəhər ərazisinin daim təmiz saxlanması, məişət tullantılarının vaxtında daşınması ilə ciddi məşğul olurlar.
Bakı-Quba yolunun kənarında və şəhər ərazisində on minlərlə yeni ağac və kollar əkilərək, şəhərin ekoloji durumu xeyli yaxşılaşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, normal halda atmosferdə dəm qazı 5, toz 0,5 olmalıdır. Sumqayıtda isə havada dəm qazının miqdarı 1,1-1,6 mq/m3, tozlanma miqdarı 0,3-0,8 mq/m3-dür.
Mənbə:> Axar.az