Nazirlik 3 rayonun suyunda nöqsanlar aşkarladı
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən, yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi işlərinə mütəmadi olaraq nəzarət aparılır.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən bildirilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan müayinələrin nəticəsində aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq, Sabunçu, Xəzər, Suraxanı, Xətai rayonlarının sanitariya təmizliyi məsələlərinə cavabdeh orqanlarının rəhbərlərinə müvafiq təkliflər verilib.
Məlumatda deyilir ki, Binəqədi, Nizami, Qaradağ rayonlarında cavabdeh şəxslər inzibati qaydada cərimələnib: “Həmçinin müvafiq tədbirlərin təşkili üçün Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə rəsmi məktublar göndərilib”.
Qeyd olunub ki, əhalinin təsərrüfat-içməli su təchizatı üzərində mütəmadi nəzarətin təmin edilməsi məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən respublikanın şəhər və rayon mərkəzlərində olan su təchizatı sistemlərindən su nümunələrinin müayinələri aparılıb:
“Aşkarlanan nəticələr üzrə müvafiq tədbirlər görülüb. 18 rayon ərazisində istismarda olan modul tipli təmizləyici qurğulardan su nümunələri götürülüb. Bakı şəhəri əhalisinə verilən su təchizatı üzərində də sanitariya nəzarəti davam etdirilib.
Şəhər ərazisində yerləşən mərkəzi və məhəllədaxili su anbarlarının yuyulub-zərərsizləşdirilməsi işi nəzarətdə saxlanılıb.
Bakı şəhərinin mərkəzi su anbarları və nasos stansiyaları üzərində aparılan laborator nəzarəti ilə əlaqədar olaraq 2015-ci ilin 6 ayı ərzində 935 su nümunəsi müayinə olunub.
İçməli su nümunələrində aşkar olunmuş qeyri-kafi nəticələrlə bağlı araşdırmalar aparılıb, suyun keyfiyyət göstəricilərinə mənfi təsir göstərən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi barədə təkliflər verilib. Bakı şəhər ərazisində yerləşən istirahət-çimərlik zonalarında laborator müayinələr aparılmaqla dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəricilərinə nəzarət davam etdirilib”.
Mənbə:> Oxu.Az