İspaniyada 3 günlük matəm elan olunub
Barselonada baş verən terror aktları səbəbindən İspaniyada 3 günlük matəm elan olunub.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Mariano Raxoy söyləyib. Xüsusi xidmət orqanlarının rəhbərləri ilə iclas keçirən baş nazirin sözlərinə görə, bütün dövlət müəssisələrində bayraqlar endiriləcək.
“Bizim üçün hazırda ən əsas qurbanlar və onların qohumlarıdır. Mən bütün İspaniyanın Barselona ilə həmrəy olduğunu bildirmək istəyirəm. Madrid, Paris, Brüssel, Nitsa və London barselonalıların hazırda hiss etdiyi bu ağrını yaşayıb.“
Terrorçuluğa qalib gəlməyin mümkün olduğunu deyən baş nazirinin sözlərinə görə, bunun üçün birlik nümayiş etdirmək, polis əməliyyatları, beynəlxalq dəstəyə arxalanmış qabaqcıl tədbirlər görülməlidir.
Terrorçuluqla mübarizənin azad və açıq cəmiyyətlər üçün prioritet məsələ olduğunu deyən Raxoyun qənaətinə görə, qlobal təhdid olan terrorçuluğa cavab da adekvat olmalıdır.
Mənbə:> Oxu.Az