Azərbaycan millisi 2-ci yeri tutdu, amma...
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması yanvarın 9-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.
Virtualaz.org bildirir ki, seçmə mərhələnin “G” qrupunda qərarlaşan millimiz səfərdə İsveç yığmasının qonağı olub.
İtaliyalı baş hakim Roberto Barisin idarə etdiyi oyun İsveç millisinin 3:0 (25:13, 25:19, 25:16) hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra hər iki komanda xallarını 8-ə çatdırıb. Lakin nə Azərbaycan, nə də İsveç mərhələ adlaya bilib. Fərid Cəlalovun komandası daha çox - 3 qələbə qazandığı üçün 2-ci yeri tutub. Bununla belə, Azərbaycan ümumilikdə 7 qrupda 2-ci olan komandalardan ən yaxşı "5-liy"ə düşə bilməyib. Bu səbəbdən, final mərhələsinə yüksəlmək üçün tarixi şans əldən verilib.
“G” qrupunda 17 xalla birinci pillədə qərarlaşan Yunanıstan yığması isə turnirin final mərhələsinə adlayıb.
Beləliklə, kişilər arasında voleybol üzrə 31-ci Avropa çempionatının ötən ilin avqustunda start verilən seçmə mərhələsi yanvarın 9-da başa çatıb. Təsnifat yarışlarında iştirak edən 26 komanda yeddi qrupda mübarizə aparıb.
Onu da qeyd edək ki, final mərhələsinin təşkilatçıları olan 4 komanda – Fransa, Sloveniya, Belçika və Niderland yığmaları, habelə əvvəlki Avropa çempionatının yekunlarına əsasən ən yaxşı nəticə göstərmiş Rusiya, Almaniya, Serbiya, İtaliya, Bolqarıstan, Çexiya, Polşa və Türkiyə milliləri seçmə mərhələdə iştirak etməkdən azad olunublar.
Mənbə:> Virtualaz.org