Avro-2017 Azərbaycanda keçiriləcək
Noyabrın 23-də voleybol üzrə qadınlar arasında keçiriləcək 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi müqaviləsi imzalanıb.
Trend xəbər verir ki, imzalanma mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov, Avropa Voleybol Federasiyasının prezidenti Aleksandar Boriçiç və digər rəsmi şəxslər iştirak ediblər.
Gələn il sentyabrın 20-dən oktyabrın 1-dək davam edəcək Avro-2017-nin cəmi bir oyunu və dörddəbir final görüşləri Gürcüstanda keçiriləcək. Qrupun üç görüşündən biri Göygöldə, ikisi isə Bakıda oynanılacaq. Həmçinin çempionatın həlledici qarşılaşmaları - yarımfinal və final oyunları da paytaxtımızda təşkil ediləcək.
Yarışda 16 komanda mübarizə aparacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstan, Avro-2015-in mükafatçıları Rusiya, Nideland və Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya yığmalarıdır. İkinci seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulacaq.
Mənbə:> Trend