Xedira "Real"ı niyə tərk etdiyini açıqladı
“Yuventus”un yeni transferi Sami Xedira “Real”dan niyə ayrıldığına aydınlıq gətirib.
ANS PRESS-in məlumatına görə, almaniyalı futbolçu madridlilərin düşərgəsini pula görə tərk etməyib. Müqaviləsi başa çatan yarımmüdafiəçi azad agent statusuyla İtaliya təmsilçisinə keçib.
“Qoca Sinyora”yla 2019-cu ilə qədər müqavilə bağlayan Xedira “Real”dan niyə getdiyini izah edib:
“Real” mənə yaxşı şərtlərlə müqavilə təklif etmişdi. Madrid təmsilçisini pula görə tərk etməmişəm. Son vaxtlar əsas heyətdə yer almırdım. Belə olan halda həm oyun təcrübəsini itirirdim həm də formadan düşürdüm. “Real”da qalsaydım, daha da passivləşərdim. Ona görə də komandamı dəyişməli oldum. Onu da yaddan çıxarmaq lazım deyil ki, “Real”da 5 mövsümü yaxşı keçirdim”.
Mənbə:> ANSPRESS