Bir ölkənin üzünü belə ağ edərlər...
Klub yaşıl meydanda çətin mübarizəyə sinə gərərək Avropa Liqasının finalına çıxıb. Mayın 27-də Varşavada keçiriləcək final oyununda onun rəqibi İspaniyanın “Sevilya” komandası olacaq.
Dnepropetrovsk şəhəri münaqişə zonasından 200 km aralıda olsa da klub təhlükəsizliyə görə ev oyunlarını 5 saat uzaqlıqdakı Kiyevdə oynamalı olur.
“Dnepr” Avropa Liqasının qrup mərhələsində iki ev oyununu uduzmasına baxmayaraq sonda çətinliklə də olsa qrupdan çıxmağı bacardı. Bunun ardınca isə daha 4 rəqibini məğlub edərək finala vəsiqə qazanan ikinci Ukrayna komandası kimi tarixə düşdü.
Sonuncu dəfə mayın 14-də Kiyevdə İtaliyanın “Napoli” klubu üzərində qələbədən sonra “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib: “Bu gün bu qələbə Ukraynaya hər şeydən çox lazım idi. Biz bu gün müharibə vəziyyətində yaşayan və hər gün bir neçəsini itirdiyimiz adi insanlarımız üçün oynadıq”.
Müharibənin ağrı-acısını yaşayan ukraynalıların çoxu üçün “Dnepr”in uğuru təkcə müvəqqəti təsəlli deyil, həm də bütövlükdə xalqın hayqırtısıdır.
“Bu gün biz məğlubedilməzik. Yaşasın Ukrayna!” - “Dnepr” martda 1/4 finalda İngiltərənin “Everton” klubunu məğlub edəndən sonra ölkə prezidenti Petro Poroşenko twitterdə öz sevincini bu sözlərlə bölüşmüşdü.
Müharibə Ukrayna klublarının çoxuna təsir edib. Premyer-liqanın 6 klubu öz ev oyunlarını başqa şəhərdə oynamalı olur. Premyer-liqada çıxış edən klubların da sayı azalıb. Rusiyanın Krımı ilhaq etməsindən sonra I liqanın əsas komandalarından ikisi Rusiya çempionatına keçib.
Ölkənin aparıcı futbol klublarından olan “Şaxtyor” (Donetsk) Kiyevdə bir oteldə qalır. Ev oyunlarını isə Lvov şəhərində oynayır.
2013-2014 mövsümündə hər oyununu 35 min azarkeşin izlədiyi bu klubun oyunlarına indi cəmi bir neçə min azarkeş gəlir. Komandanın Donetskdəki 50 min yerlik stadionu isə bomboş qalıb. 400 milyon dollara tikilmiş həmin stadion 2012-ci il Avropa çempionatı oyunlarına ev sahibliyi etmişdi.
Müharibədə stadion zərər görüb. Bu ilin martında stadiondan bayırda yenə insanların uzun növbəsi vardı. Ancaq bu dəfə onlar bilet üçün yox, humanitar yardım üçün dayanmışdılar.
Virtualaz.org saytı “Azadlıq” radiosuna istinadən bildirir ki, futbol Kiyevlə Moskva arasında yaşanan siyasi gərginliyə də öz “töhfə”sini verib. Rusiyanın Krım klublarını öz liqasına qatmasından sonra Poroşenko FİFA-nı Rusiyanı 2018-ci il dünya çempionatına ev sahibliyi hüququndan məhrum etməyə çağırıb. FİFA bu müraciətə baxmayacağını bildirib.
Mənbə:> Virtualaz.org