"Neftçi"nin futbolçusu üzr istəməyə hazırdır
“Neftçi” PFK-nın futbolçusu Julius Vobay Premyer Liqanın 28-ci turunda “Simurq” klubu ilə səfər oyununda ədəbsiz jest etməsi ilə bağlı iddialara cavab verib.
ANS PRESS-in klubun saytına istinadən verdiyi məlumata görə, syerra-leoneli futbolçu bunları bildirib:
“Dünən oyundan sonra da mənə bu barədə sual verildi. Açığı, söhbətin nədən getdiyini bilmirdim. Bu gün kadrları izlədim. Mənə təəccüblü gəldi ki, bu hərəkətim ədəbsiz jest kimi qiymətləndirilib. Halbuki mən bu hərəkətimlə vurduğumuz qolda pay sahibləri olan Nikolas Kanales, Əziz Quliyev, həmçinin qapıçımız Aqil Məmmədovla birgə qələbəni özüməməxsus tərzdə qeyd edirdim. Həmin epizodda ədəbsiz jestdən söhbət gedə bilməz.
Uzun illərdir Azərbaycandayam, bir müsəlman kimi bu xalqın inancına, adət-ənənəsinə az-çox bələdəm. Heç vaxt belə hərəkət etməmişəm, bundan sonra da etmərəm. Gərgin oyundan sonra qazandığımız qələbəni komanda yoldaşlarımla bu formada qeyd etdim. Əgər hər hansı azarkeş bu hərəkətimi qeyri-etik jest kimi başa düşübsə, mən həmin insanlardan üzr istəməyə hazıram. Kiminsə qəlbini qırmaq istəmərəm”.
Mənbə:> ANSPRESS