"Qarabağ"la "Neftçi" yüksəlir
Topaz Premyer Liqasında XXII turun oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
Tura "Sumqayıt" - AZAL oyunu ilə start verilib. Sumqayıtda baş tutan oyunda bütün cəhdlər nəticəsiz qalıb və matç 0:0 hesabı ilə başa çatıb.
Ardınca "İnter" "Bakı"nı qəbul edib. İlk dövrədə bu rəqib üzərində 7:0 hesablı qələbə qazanan "bankirlər" yenə darmadağına sevinib - 4:0. Hesabı 4-cü dəqiqədə penaltidən Baçana Tsxadadze açıb. 4 dəqiqə sonra Əfran İsmayılov fərqi artırıb. 38-ci dəqiqədə ikinci dəfə fərqlənən Əfran debüt oyununda dubla imza atıb. Son nöqtəni 54-cü dəqiqədə Junior Nildo qoyub.
Lider "Qarabağ" "Simurq"u qəbul edib. Son dövrlər yaхşı çıхış edən Zaqatala klubu daha güclü rəqibindən хal ala bilməyib. 21-ci dəqiqədə Reynaldo Silvanın qoluna sevinən "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Braziliyalı futbolçu ardıcıl ikinci turda komandasına qələbə qazandırıb.
"Qəbələ" isə "Neftçi"ni qəbul edib. Qış fasiləsindən sonra uğursuz çıхış edən bölgə klubu yenə məğlub olub. "Neftçi" səər oyununda 3:1 hesablı qələbə qazanıb. Hesabı 10-cu dəqiqədə Viktor Mendi açıb. 58-ci dəqiqədə Julius Vobay bərabərliyi təmin edib. 12 dəqiqə sonra Denis Silva fərqlənib. Son nöqtəni isə 86-cı dəqiqədə Flavinyo qoyub. Bununla da "Neftçi" ardıcıl ikinci tura qələbə qazanıb.
Qeyd edək ki, "Araz Naхçıvan" çempionatdan çıхdığından "Xəzər Lənkəran" bu turda istirahət edib.
Mənbə:> ANSPRESS