"Xəzər Lənkəran"dan darmadağın
Topaz Premyer Liqasında XV turun oyunları keçirilib.
ANS PRESS-in məlumatına görə, 4 oyun eyni gündə baş tutub. Tura Azərbaycan derbisi ilə start verilib. "Qarabağ" "Neftçi" qarşılaşmasında qol vurulmayıb.
"Sumqayıt" "Simurq"u qəbul edib. Hesabı 5-ci dəqiqədə qonaq komandadan Rəşad Eyyubov açıb. 38-ci dəqiqədə Tofiq Mikayılov bərabərlik qolunu vurub. 81-ci dəqiqədə Məhəmməd Qurbanov "Sumqayıt"ın qələbə qoluna imza atıb. Sonuncu dəfə 5 turda qələbə qazanan gənclik şəhəri təmsilçisi uğursuz seriyaya son qoyub.
Turun üçüncü oyununda "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edib. Lənkəran şəhər stadionunun qazonu hazır olmadığından oyun "Bayıl Arena"da baş tutub. 6-cı dəqiqədə Qalin İvanov hesabı açıb. 32-ci dəqiqədə Ruslan Tağızadənin avtoqolu "Xəzər Lənkəran"ı sevindirib. 51-ci dəqiqədə isə Ağabala Ramazanov 3:0 hesablı qələbəni təmin edib.
Tura "İnter" - AZAL oyunu ilə yekun vurulub. Matçın taleyini bir qol həll edib. 68-ci dəqiqədə rəqib qapısına yol tapan Junior Nildo "İnter"i 3 xala sevindirib. "Neftçi"nin xal itkisindən yararlanan "bankirlər" ikinci pilləni ələ keçirib.
Qeyd edək ki, "Araz Naxçıvan" çempionatdan çıxdığından "Bakı" bu turda istirahət edəcək.
Mənbə:> ANSPRESS