Azərbaycan millisi Qırğızıstan yığmasını darmadağın etdi
Dünən Bakının “Olimpiya” stadionunda Azərbaycanın futbol üzrə milli komandası Qırğızıstan yığması ilə yoldaşlıq matçı keçirib.
Virtualaz.org bildirir ki, oyun Qurban Qurbanovun yetirmələrinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna fəal başlayan Azərbaycan millisi matçın 17-ci dəqiqəsində istəyinə nail olub. Maksim Medvedev başla topu Qırğızıstan yığmasının qapısından keçirib.
Komandaların cəhdlərinə baxmayaraq birinci hissənin sonunadək hesab dəyişməyib.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 74-cü dəqiqəsində millimizin üzvü Mahir Mədətov ikinci topu rəqib qapısından keçirib. On dəqiqə sonra Ürfan Abbasov fərqlənərək hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, Azərbaycan millisi 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu, millimizin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında dördüncü sınağı idi. Milli komandamız əvvəlki görüşlərdə Moldova və Makedoniya yığmaları ilə heç-heçə etmiş, Belarus seçməsinə isə məğlub olmuşdu.
Onu da qeyd edək ki, Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, dörd gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Mənbə:> Virtualaz.org