“Qarabağ” klubu Türkiyədə mükafatlandırıldı
Aprelin 4-də İstanbulun “Volkswagen Arena”sında 64-cü “Gillette Milliyet” idman mükafatlandırma mərasimi keçirilib.
Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, qala-gecədə idmanda əldə etdikləri nailiyyətlərə görə ilin ən yaxşılarının adları açıqlanıb.
8 mükafatdan biri uğrunda Azərbaycan çempionu “Qarabağ” komandası da yarışıb. Ağdam təmsilçisi 2017-ci ildə Çempionlar Liqasının iştirakçısı kimi ilin ən yaxşı komandası nominasiyasında mükafata iddia edib. Amma birinciliyi “Fənərbaxça” klubunun basketbol komandası qazanıb.
Lakin ağdamlılar da Türkiyədən əliboş dönmürlər. Belə ki, Azərbaycan çempionuna jürinin xüsusi mükafatı təqdim olunub. “Qarabağ” prezidenti Tahir Gözələ hədiyyəni futbol üzrə Türkiyə millisinin baş məşqçisi, məşhur rumıniyalı mütəxəssis Mirça Luçesku təqdim edib. Tahir Gözəl isə qala-gecəyə toplaşan tamaşaçıları Nəsiminin “Sığmazam” qəzəlindən iki beytlə salamlayıb.
Qeyd edək ki, sözügedən tədbirdə “Qarabağ”ı prezident Tahir Gözəl, icraçı-direktor Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov təmsil edib.
Tədbirdə eyni zamanda həmyerlimiz, hazırda Türkiyənin şərəfini qoruyan atlet Ramiil Quliyev ilin ən yaxşı idmançısı seçilib.
Mənbə:> Virtualaz.org