Prosineçkinin millimizdə debütü uğursuz oldu
Bu gün Antalya toplanışı çərçivəsində Azərbaycan milli komandası Donetsk “Şaxtyor”u ilə yoxlama görüşü keçirib.
Oxu.Az xəbər verir ki, qeyri-rəsmi xarakter daşıyan və xorvatiyalı mütəxəssis Robert Prosineçkinin millimizdə debütü olan görüşdə komandamız uduzub.
Oyuna fəal başlayan Donetski klubu 37-ci dəqiqədə Duqlas Kosta ilə hesabı açıb. Lakin yığmamız fasiləyə qədər hesabda bərabərlik yaratmağı bacarıb. 43-cü dəqiqədə Namiq Ələsgərov fərqlənib. Fasiləyə heç-heçə ilə yollanan yığmamız ikinci yarıda qapısından növbəti qolu buraxıb. Bu dəfə 67-ci dəqiqədə braziliyalı futbolçu İsmaili komandamızı mərkəzdən başlamağa məcbur edib - 2:1.
Beləliklə, matçda bundan başqa qol olmayıb və millimiz 2015-ci ildə ilk məğlubiyyətini alıb.
Qeyd edək ki, bu qarşılaşma millimizin AVRO-2016-nın martın 28-də Maltaya qarşı Bakıda keçiriləcək seçmə oyununa hazırlıq xarakteri daşıyır.
Mənbə:> Oxu.Az