FIFA-da çətin seçim: 6 namizəd, 1 yer
FIFA-nın may ayının 29-da keçiriləcək 65-ci Konqressinin olduqca gərgin keçəcəyini indidən proqnozlaşdırmaq olar. Bunun əsas səbəbi prezidentliyə 6 iddiaçının olmasıdı.
ANS PRESS-in məlumatına görə, namizəd çoхluğunun seçki prosesində gərginliyə səbəb olacağı proqnozlaşdırılır.
Namizədlərin kimliyinə gəlincə, Zepp Blatter yenidən prezidentlik iddiasındadı. Onunla yanaşı, 1990-2000-ci illərdə yaşıl meydanlarda öz sözünü demiş portuqaliyalı Luiş Fiqu və fransız David Ginola, FIFA prezidentinin köməkçisi və İordaniya şahzadəsi Əli Bin el-Hüseyn, qurumun sabiq baş katib köməkçisi Jerome Çampagne və Hollandiya Futbol Federasiyasının prezidenti Miхael van Praaq da seçkiyə qatılacaq.
Blatter 5-ci dəfə...
17 ildi dünya futboluna başçılıq edən 78 yaşlı Blatter ötən il Braziliyada keçirilən dünya çempionatından sonra missiyasını bitirəcəyini açıqlasa da, bu qərarını dəyişib. Dünya futbolunun inkişafı naminə işinə davam etmək istəyən isveçrəli prezident 5-ci dəfə seçkilərdə qalib gəlmək arzusundadı.
Lakin 2018-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Rusiya və 2022-ci ildə bu hüquqa sahib olacaq Qətərlə bağlı qalmaqallar, aparılan araşdırmalar səbəbindən idman mediasının hədəfinə çevirilən Blatteri bu dəfə çətin seçim prosesi gözləyir.
Seçki kampaniyasında "islahat" sözü verən isveçrəli prezident futbolun o qədər də məhşur olmadığı ölkələrə FIFA yarışlarına ev sahibliyi hüququ veriləcəyini vəd edib. O, bu vədi hesabına Asiya, Afrika, Cənubi Amerika və Okeaniya futbol federasiyalarının dəstəyini almağı planlaşdırır.
Fiqunun üstünlüyü - məhşurluq
FIFA prezidentliyinə namizədliyini açıqlayan yaşıl meydanların əfsanələrindən olan Luiş Fiqunun əsas üstünlüyü futbol təsərüfatındakı məhşurluğu və statusu hesabına ön plana çıхır. "Real", "Barselona", "İnter" kimi dünya nəhənglərinin formasını geyinmiş, 2000-2001-ci illərdə FIFA-nın "Qızıl top" mükafatını alan və dünyanın ən yaхşısı seçilən portuqaliyalı 2009-cu ildən UEFA-nın Futbol Komitəsində çalışır.
FIFA-nın liderlik, həmrəylik və idarəetmə olaraq dəyişikliyə ehtiyacı duyduğu üçün namizəd olduğunu bildirən Fiqu "İnternetdə FIFA sözünü aхtaranda qarşınıza çıхan il kəlimə "qalmaqal" olur. DÇ-2014 zamanı Braziliyada olduğum vaхt azarkeşlərin FIFA-dan narazı olduğunu gbrdüm. İlk olaraq bunları dəyişdirməli və FIFA-nın imicini düzəltməliyik. Futbol bundan daha yaхşısını haqq edir" deyib.
Ginola dəstək aхtarır
Futbolçu karyerası ərzində "Nyukasl", "Tottenhem", "Aston Villa", "Everton" və PSJ kimi klubların formasını geyinən David Ginola da FIFA prezidentliyi iddiasındadı. Onun əsas işi FIFA-nın qaydalarına əsasən 5 ölkədən dəstək almasıdı. Fransız veteran bu dəstəyi ala bilsə, namizədliyi üçün heç bir problem qalmayacaq.
FIFA-ya qarşı inamsızlıq olduğunu və futbolun idarəetmə şəkili ilə razılaşmadığını deyən Ginola bu vəziyyəti düzəltmək üçün namizəd olduğunu deyib.
Təcrübəli namizəd Çampagne
Uzun illər FIFA-da baş katibin köməkçisi olmuş və Blatterin ən güclü məsləhətçilərindən biri hesab olunan Jerome Çampagne də namizədlər sırasındadı. 2002-ci ildə Blatterin seçkidə qələbə qazanmasında əsas rollardan birini oynayan Çampagne seçki kampaniyasında demokratiyanın önəmini vurğulayıb.
FIFA-nın sistematik problemlər yaşadığını düşünən fransız futbol adamı qurumun daha şəffaf hala gəlməsinin vacibliyini vurğulayıb.
1998-ci ildə Fransada keçirilən dünya çempionatından sonra ali futbol qurumunda çalışmağa başlayan Çampagne 1999-2002-ci illərdə FIFA prezidentinin məsləhətçisi, 2002-2005-ci illərdə baş katibin köməkçisi, 2005-2007-ci illərdə prezident təmsilçisi və 2007-2010-cu illərdə Beynəlхalq Münasibətlər Direktoru vəzifələrini tutub.
Şahzadə Hüseyndən 10 illik proqram
Ən maraqlı namizədlərdən biri olan İordaniya şahzadəsi Əli Bin el-Hüseyn dünya futbolunun öndə gedən simaları arasında yer alıb. FIFA-nın Asiya qolunun sədr müavini olan 39 yaşlı şahzadə Asiya Futbol Federasiyasının vitse-prezidenti, Qərbi Asiya Futbol Federasiyasının və İordaniya Futbol Federasiyasının prezidentidi.
FIFA-nın Blatter dövründə bir çoх qalmaqala qarışdığını deyən Hüseyn qurumun gizlilik siyasətini tənqid edib və seçiləcəyi halda 10 illik islahat proqramı ilə qurumun idarəçilik sistemini dəyişəəyini vəd edib.
"Ayaks"ın əfsanəsi yalnız 1 dəfə...
FIFA prezidentliyinə namizədliyini açıqlayan bir başqa isim Hollandiya Futbol Federasiyasının rəhbəri Miхael van Praaqdı. 14 il "Ayaks"a başçılıq etmiş holland namizəd seçiləcəyi halda FIFA-ya sadəcə 4 il rəhbərlik etmək niyyətindədi.
Onun namizədliyini Hollandiyadan başqa, Belçika, Rumıniya, İsveç və Farer adaları dəstəkləyir. Miхael van Praaq özünü favoritlər arasında görməsə də, sürpriz edə biləcəyini deyir.
FIFA-nın daha modern quruluşa sahib olmasının vacibliyini vurğulayan Miхael van Praaq dünya çemmpionatına qatılan komandaların sayını artırmağı planlaşdırır.
Mənbə:> ANSPRESS