Qurban Qurbanov: "Özünü yaxşı aparsa, onu "Qarabağ"a transfer edəcəm"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlunu öz komandasında görmək istəyir. AzNews.info-nun məlumatına görə baş məşqçi mediaforum.az-a müsahibəsində belə deyib.
9 yaşlı Musa da atası kimi futbola böyük marağı və yaşının azlğına baxmayaraq yaxşı futbol oynayır. Qurbanov oğlunun özünün bu futbola marağı olduğunu və potensialı olduğunu deyib.
"Musanı nə vaxtsa “Qarabağ”da görə bilərik?" sualına isə belə cavab verib: "Özünü yaxşı aparsa, transfer edəcəyəm".
Qurban Qurbanov Azərbaycan futbolçularının maaşından da danışıb: "Cəmiyyətdə belə fikir yaranıb ki, futbolçular yaxşı maaş alırlar, ancaq istənilən nəticəni ortaya qoya bilmirlər. Futbolçular ölkə səviyyəsində maaş alırlar. Ola bilər ki, bəzi futbolçular aldıqları pulun qarşılığını vermir. Lakin belə fərdilikləri ümumiləşdirib, hamıya şamil etməklə razılaşmıram. Bir də ki pul məsələsinin ictimailəşdirilməsi futbolçulara psixoloji cəhətdən mənfi təsir göstərə bilir."
O, öz maaşından narazı olmadığını deyib: "Məni qane edir. Azərbaycan reallığında mən kifayət qədər yaxşı maaş alıram".
42 yaşlı Qurban Qurbanov futbolçu karyerası ərzində yerli “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında çıxış edib. Azərbaycan milli komandasında 67 oyun keçirib, 14 qol vurub.
2006-cı ildə futbolçu karyerasını bitirib, bir müddət Bakının “İnter” klubunun idman direktoru vəzifəsində işləyib, sonra “Neftçi”də baş məşqçi və idman direktoru olub, 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.
Mənbə:> Mediaforum.az