“Apollon” Cavid Hüseynovun cəzalandırılmasını istədi
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin rəqibi olan Kiprin "Apollon" klubu Azərbaycan təmsilçisinin kapitanı Cavid Hüseynovun cəzalanmasına çalışır.
AzNews.info Azerisport.az-a istinadən xəbər verir ki, Larnakada keçirilən ilk oyunda penalti zərbəsini qola çevirərək matçın yekun nəticəsini (1:1) müəyyənləşdirən azərbaycanlı futbolçunun etdiyi jest kiprliləri bərk qəzəbləndirib.
"Apollon" tərəfi qarşılaşmanın 15 dəqiqə dayanmasına səbəb kimi, məhz Cavidin bu hərəkətini əsas gətirir. Halbuki, əsl olaylar penalti zərbəsi təyin olunan kimi başlamış, kiprli azarkeşlərdən bəzisi meydana çıxmışdı.
Kiprlilər həmin oyunun baş hakimi, ukraynalı Sergey Boykodan da narazıdırlar. Onlar hakimin əlavə vaxtda penalti təyin etməsini, matçı yarıda dayandırmasını düzgün hesab etmirlər.
Artıq Kipr klubu narazı qaldığı məqamlarla bağlı, eləcə də hakimlə Cavid Hüseynovdan UEFA-ya şikayət edib. Amma "Apollon"un özünü də cəza gözləyir. Çünki stadiona toplaşan yerli fanatlar penalti təyinatından sonra meydana çoxlu yad əşya atmışdılar. Baxmayaraq ki, Kipr tərəfi bunu Hüseynovun xoşagəlməz jesti ilə əlaqələndirirlər.
Qeyd edək ki, "Qəbələ" ilə "Apollon" arasındakı cavab matçı avqustun 6-da Bakıda, "Bakcell Arena"da keçiriləcək.
Mənbə:> Azerisport.az