Azərbaycanlı əkizlərin Bakı-2015 uğuru – FOTO
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına daha 2 dəst medalın sahibi müəyyənləşəcək. ANS PRESS-in məlumatına görə, kişilər və qadınlar mükafatlar uğrunda mübarizə aparır.
Azərbaycan yığması yalnız qadınların yarışında təmsil olunub. 4 qadın sablyaçımız fərdi yarışlarının son günündə mükafatçılar sırasına düşməyə çalışır.
Qadınların yarışı qrup mərhələsi ilə start götürüb. 36 idmançı 6 qrupda mübarizəyə başlayıb. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyadova A, Fatimə İbrahimova D, Səbina Mikina E, Sevil Bünyadova F qrupunda 1/16 finala vəsiqələr uğrunda mübarizə aparıb.
Öz qrupunda keçirdiyi 5 oyunun hamısında qələbə qazanan Sevinc və Səbinə 1-ci yerin sahibi kimi birbaşa 1/8 finala yüksəlib. Üç qələbə əldə edən Sevillə və Fatimə 3-cü yerin sahibi kimi 1/16 finala çıxıb.
Bu mərhələdə polşalı Maqdalena Pasternakı 15:4 hesabı ilə məğlub edib. Fatimə isə italiyalı Rebekka Qarqanoya uduzub - 6:15.
1/8 finaldakı 3 təmsilçimizdən yalnız Mikina məğlubiyyətə üzülüb. O, rusiyalı Yana Obvintsevaye yenilib - 13:15.
Bünyadova bacıları isə 1/8 finalda da qarşısıalınmaz olub. Sevil rusiyalı Mariya Rideli 15:9, Sevinc isə Qarqanonu 15:7 hesabı ilə məğlub edib. Sevinc bununla həm də komanda yoldaşının qisasını alıb.
1/4 finalda Sevil yunanıstanlı Vasilki Voqioka, Sevinc isə ukraynalı Alina Komaşçuk ilə görüşüb. Sevinc 15:11 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. O, saat 19.15-də başlayacaq yarımfinalda polşalı Anjelika Vatorla üz-üzə gələcək. Sevil isə rəqibini 15:12 hesabı ilə məğlub edib. İdmançımız saat 19.00-da start götürəcək yarımfinalda fransalı Marqo Rifkisslə üz-üzə gələcək.
Lakin yarımfinalın nəticəsindən asılı olmayaraq, Bünyadova bacıları Avropa Oyunlarının mükafatını təmin edib.
Mənbə:> ANSPRESS