Bakı 2015: Azərbaycan ikinci qızıl medalı qazandı - YENİLƏNİB
Azərbaycanın karate yığması bu gün daha bir qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, ilk görüşdə ukraynalı İlya Nikulinə qalib gələn (3:) Rafael Ağayev daha sonra türkiyəli Erman Eltemura (3:5) uduzub. Lakin qrupda son döyüşündə Ruslan Sadıqova qalib gələn (3:1) Rafael növbəti mərhələyə yüksəlib.
Yarımfinalda alman Noa Bitşə qalib gələn (1:0) idmançımız finalda italiyalı Luici Busanı məğlub edib (1:0) və Bakı 2015 Birinci Avropa Oyunlarının qızıl medalını qazanıb.
19:03
Azərbaycan Prezidenti İlham Əliyev medal təqdim etmək üçün “Crystall Hall”a təşrif buyurub.
Oxu.Az xəbər verir ki, dövlət başçısı 60 kq çəki dərəcəsində qızıl medal qazanan azərbaycanlı karateçi Firdovsi Fərzəliyevi təbrik edərək, qazandığı medalı ona təqdim edib.
18:21
Bu gün Avropa Oyunlarında karate üzrə keçirilən yarışlarda Azərbaycan ilk qızıl medalını qazanıb.
Oxu.Az apasport-a istinadən xəbər verir ki, bu çəkidə tatamiyə çıxan Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib.
Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin növbəti görüşdə rəqibi italiyalı Luka Mareska olub.
Karateçimiz bu dəfə də inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib - 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb.
Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.
Karateçimiz finalda qrup mərhələsində məğlub etdiyi Mareska ilə qarşılaşıb və 4:0 hesablı qələbə sayəsində, Azərbaycan yığmasına ilk qızıl medal qazandırıb.
Mənbə:> Oxu.Az