“Prezident Kuboku” şahmat turnirinin qalibləri müəyyənləşdi – FOTO
Naxçıvanda ənənəvi “Prezident Kuboku” şahmat open-turniri başa çatıb.
Oxu.Az xəbər verir ki, bu il əsas turnirdə 66 oyunçu, o cümlədən də dünya çempionu Hou İfan (Çin), keçmişdünya çempionları Aleksandr Xalifman (Rusiya) və Rustam Kasımjanov (Özbəkistan), bir çox başqa tanınmış şahmatçılar iştirak ediblər.
Yarışda Azərbaycan yığmasının üzvləri, qrossmeysterlər Eltac Səfərli və Qədir Hüseynov qalib gəliblər.
Ən yaxşı nəticə göstərən Eltac səfərli 10 min dollar məbləğində əsas mükafata layiq görülüb.
2250 bənddən aşağı reytinqli şahmatçıların mübarizə apardığı B turnirində 103 idmançı iştirak edib.
Burada üç şahmatçı yaxşı nəticə göstərib – onların hər biri 9 mümkün baldan 7,5-ni toplaya biliblər.
Turnir əmsalına görə isə uğur bakılı Zeynalzadə Vəinin tərəfində olub. O, Bayramov Elvin (Quba) və Həsənzadə Toğrulu (Naxçıvan) qabaqlayıb.
Festival proqramında daha 2 turnir var.
165 şahmatçının iştirakı ilə 12 yaşadək uşaqlar arasında turniri Bakıdan olan Mətin Mürsəlli qazanıb. O, 9 oyundan 8 xal toplayıb.
Eynullayev Atilla (Bakı) və Bədəlov Qafar (İsmayıllı) hərəsi 7,5 xal toplayaraq, müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar.
Mənbə:> Oxu.Az