“Bura qələbə üçün gəlmişik” - Qurbanovdan iddialı açıqlama
Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Malta ilə sabah səfərdə baş tutcaq oyun öncəsi mətbuat konfransı keçirib.
AzNews.info "Qafqazinfo” xəbər verir ki, 46 yaşlı mütəxəssis mətbuat konfransına millinin yarımmüdafiəçisi Riçard Almeyda ilə birlikdə çıxıb və öncə oyun haqqında bu fikirləri səsləndirib:
"Bilirik ki, olduqca vacib səfərə gəlmişik. Bizim üçün də, rəqib üçün olduqca önəmli oyundu. Farer adaları - Malta oyununa baxmışam. Əslində 1:3 hesablı məğlubiyyətə layiq deyildilər. Demək olar ki, oyuna hazırlaşmaq vaxtımız olmayıb. Bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, sabah istədiyimiz oyunu sərgiləyə biləcəyik”.
- Maltada xüsusi nələri qeyd edə bilərsiniz? Kosovo ilə müqayisə edə bilərsinizmi?
- Fərqli bir sistemlə oynayırlar. Heç vaxt hansısa futbolçunun adını çəkməmişəm. Son zamanlar daha uğurlu nəticələrə imza atırlar. Sürətli futbolçuları var. Heç bir komanda burda məğlub olmaq istəmir. Çalışacağıq müsbət nəticə əldə edək.
- Riçard, rəqib komandanın baş məşqçisi səni xüsusi qeyd etdi. Maltanı da təəccübləndirmək üçün əlavə güc varmı?
- Bizi sabah çətin oyun gözləyir. Komandamız əla oynamalı, məşqçinin tapşırıqlarını yerinə yetirməlidi. Tək mənimlə iş bitmir.
- Qurban müəllim, "müsbət nəticə” dedikdə qələbəni nəzərdə tutursunuz?
- Bəli, bura qələbə qazanmaq üçün gəlmişik. Hərçənd, futbolda planlaşdırılmayan nəticələr də olur. Biz qələbə üçün əlimizdən gələni edəcəyik. Komandanı maksimum hazırlayırıq.
- 3 il əvvəl 2:2 başa çatan oyunu təkrarən izləmisiniz?
- Xeyr, ehtiyac duymadım. Rəqibin son oyunlarını izləmişəm.
- Kosovo ilə oyunla müqayisədə, heyətdə dəyişiklik gözlənilirmi?
- Ciddi yox, amma müəyyən dəyişikliklər gözlənilir.
- Riçard, "Astana”dakı durumundan narazı olmağın barədə və qışda ayrılacağın haqda söhbətlər dolaşır...
- Xeyr, "Astana”dakı durumumdan razıyam. Qışda ayrılacağım barədə informasiyaya sahib deyiləm.
Mənbə:> Qafqazinfo.Az