“Qarabağ” “Şerif”lə oyunda niyə aciz göründü? – RƏY
“Qarabağ”ın dünən Moldovanın “Şerif” komandası ilə Avropa Liqasının pley-off mərhələsində keçirdiyi ilk oyun çoxlarının xoşuna gəlmədi.
Oxu.Az xəbər verir ki, artıq çoxları belə aciz oyunla “Qarabağ”ın mərhələ adlayacağına ümidinin az olduğunu ifadə edir.
Baxmayaraq ki, ilk oyunda 0:1 hesablı məğlubiyyətin qeydə alınması hələ hər şeyin bitmədiyini göstərir.
Sabiq FIFA referisi, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov dünənki və cavab oyunu haqda fikirlərini Oxu.Az-la bölüşüb. O qeyd edib ki, yeni transferlərin ümidləri doğrultmaması “Qarabağ”ı bu vəziyyətə düşməsinin səbəblərindən biridir:
“BATE ilə son görüşdən sonra və Çempionlar Liqasında yol dayandıqdan sonra “Qarabağ”da psixoloji sarsıntı hiss olunur. Dünənki oyun da bunu əyani göstərdi. Belarusda sərgilənən oyunun əlli faizi göstərilsəydi, “Şerif” maksimum heç-heçəyə ümid edə bilərdi. Rəqib heç də bu görüşdə göründüyü kimi, güclü komanda deyil. “Şerif” qələbə qazanmadı, “Qarabağ” özü-özünə məğlub oldu.
Heyətdə cəzalı, zədəlilərin də olması çox problem yaradır. Təsəvvür edin, oyunun sonlarında “Qarabağ” geridə olsa da, üçüncü dəyişikliyə əl atmadı. Daha doğrusu, oyunu dəyişəcək futbolçu da yox idi. Yeni transfer edilən futbolçular ümidləri hələlik doğrultmurlar.
Ən böyük çətinlik bundan qaynaqlanır. Komanda oyunundan tutmuş psixoloji amilə kimi “Qarabağ”a, məşqçilər korpusuna təsir edir. Xətlərarası əlaqələrin zəif olması taktiki gedişlərin də effektliyini minimuma endirir, komanda, futbolçular özünəinamı itirir.
“Şerif”in baş məşqçisi də “Qarabağ”ın indiki durumuna uyğun komandanı yaxşı təhlil etmişdi. Doğrusu, indiki “Qarabağ”ın oyununu analiz etmək elə də çətin deyil.
Ölkə futbolundakı mövcud durum da “Qarabağ”a təsirsiz ötüşmür. Rəqabətsiz çempionatda bir ayaqla çempionluğu təmin edən komanda Avropada fərqli sürətlə üzləşir. “Qarabağ”ın maksimum orta templi, monoton oyununun səbəblərindən biri də budur.
Qeyd etdiklərimə baxmayaraq, rəqibin gücünü nəzərə alaraq, cavab görüşündə qrupu təmin etmək mümkündür. Səhvlərdən nəticə çıxarılmalı, görüşə taktiki, psixoloji daha ciddi hazırlaşmaq lazımdır. Bu baxımdan, komanda oyuna hazır olarsa, fiziki plaraq problem yaşanılmaz.
6-7 matçdan sonra futbolçuların funksional hazırlığı pik nöqtəyə çatmalıdır. Əsas psixoloji yorğunluğu beyinlərdən atmaq lazımdır. “Qarabağ”ın bu yöndə futbol ictimaiyyətinin, jurnalistlərin, azarkeşlərin, hər birimizin dəstəyinə ehtiyacı var.
Azarkeşlərin möhtəşəm təzyiqi, komandanın mübariz, sürətli, aqressiv oyunu ilə “Şerif”i evlərinə əliboş göndərmək olar. Heç nə itirilməyib, “Qarabağ” özünəinamını qaytarıb meydanda son nəfəsinə kimi mübarizə aparmalıdır.
Yeni gələn legionerlər də faydalıqlarını son şansda sübuta yetirməlidirlər. Bütün futbol ictimaiyyətini “Qarabağ”a dəstək olmağa çağırıram”.
Xatırladaq ki, cavab oyunu avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mənbə:> Oxu.Az