"Olimpiya" - "Qarabağ" – CANLI YAYIM
Bu gün “Qarabağ” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfərdə Sloveniyanın “Olimpiya” komandası ilə üz-üzə gələcək.
Lyublyanadakı “Stojitse” stadionunda keçiriləcək qarşılaşmaya Lourens Visserin rəhbərlik etdiyi belçikalı hakimlər briqadası təyinat alıb.
“Qarabağ” Çempionlar Liqasının formatı dəyişdiyinə görə, ilk dəfə I təsnifat mərhələsində çıxış edəcək. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak edən Ağdam klubu ilk sədləri uğurla keçə bilib.
Yay fasiləsində 11 futbolçu ilə vidalaşan “Qarabağ” heyətini 6 yeni oyunçu ilə gücləndirib. İbrahim Şehiç və Anton Kanibolotski ilə yollarını ayıran komanda 2 yeni qapıçı transfer edib. Son ölkə çempionu Tor Hannes Haldorsson və Vaqner Da Silvanı heyətinə qatıb.
Ağdam klubu həmçinin müdafiəçi Rahil Məmmədov, yarımmüdafiəçilər Abdullah Zubir, Simoen Slavçev və Filip Ozobiçi komandaya cəlb edib.
Bu qarşılaşma “Olimpiya”nın baş məşqçisi İliya Stolitsanın ilk rəsmi oyunu olacaq. 39 yaşlı mütəxəssis iyundan komandaya rəhbərlik edir.
Lyublyana təmsilçisi heyətinə 4 yeni oyunçu cəlb edib. Komanda Marko Putintsa, Andriya Kaluceroviç, Haris Kadriç və Matiç Çrniçinin transferlərini reallaşdırıb. Əvəzində Rok Vodişek, Mitç Apau, Rikardo Alveslə yollarını ayıran klub Dario Kanadio və Ceyson Devidsonu Xorvatiya “Riyeka”sına icarəyə verib.
Çempionlar Liqası, I təsnifat mərhələsi
11 iyul
22:00 “Olimpiya” (Sloveniya) – “Qarabağ” (AZƏRBAYCAN) 0:0 (birinci hissə)
Hakimlər: Lourens Visser, Karel De Rokker, Jo de Veirdt, Bram Van Dressxe (hamısı Belçika)
Lyublyana, “Stojitse” stadionu.
Mənbə:> Yeniçağ.az