Sabah voleybol millimiz Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq
Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasının yeni mövsümünə start veriləcək. Azərbaycan millisi üçüncü dəfə bu yarışda mübarizəyə başlayacaq.
2014-cü ildə 4-cü olan və 2 il sonra çempion tituluna yiyələnən Faiq Qarayevin yetirmələri A qrupunda yarışacaq. Komandamız Ukrayna, Portuqaliya və Bolqarıstanla qüvvəsini sınayacaq.
413 min avro mükafat fondu olan Qızıl Avropa Liqasında ilk rəqibimiz Ukrayna voleybolçularıdı. Bu komanda sabah yığmamızın qonağı olacaq. Voleybol Mərkəzində baş tutacaq görüşdə millimiz favorit hesab edilsə də, görüşün heç də asan keçəcəyi gözlənilmir. Çünki Faiq Qarayevin əsasən gənclərə üstünlük verəcəyini nəzərə alsaq, matçın gərgin keçəcəyi proqnozlaşdırılır.
Komandamız Qızıl Avropa Liqasına Sloveniyada hazırlaşıb. Mariborda Avstriya və Slovakiyaya qalib gələn təmsilçimiz sabah 3 xal qazanmaq iddiasındadı. Çünki bu yarış dünya çempionatı öncəsi son sınaq hesab olunur. Burda özünü yaxşı tərəfdən göstərəcək oyunçu Yaponiyada təşkil ediləcək mundialda da yerini təmin edəcək. Həmçinin qələbə komandamıza Portuqaliya və Bolqarıstanla görüşlərə də əlavə ruh yüksəkliyi ilə çıxmağa imkan verəcək.
Lakin Ukrayna millisi də Bakıya iddialı gəlir. Komanda bəzi aparıcı oyunçularına istirahət versə də, heyətdə kifayət qədər təcrübəli voleybolçular var. Bu səbəbdən də rəqibimizin sonadək döyüşəcəyi gözlənilir. Ukraynalıların baş məşqçisi Qari Yeqiazarov Belarusla yoxlama oyununda qalib gəldikdən sonra yığmamızla qarşılaşmadan çox şeyin asılı olacağını vurğulayıb. O, yetirmələrinin yüksək ab-havada olduğunu əsas gətirərək, Qızıl Avropa Liqasına qələbə ilə başlamaq arzusunu da gizlətməyib.
Qrupumuzun digər oyununda isə Bolqarıstan Portuqaliyanı qəbul edəcək. Bu görüş də Azərbaycan – Ukrayna matçı ilə eyni saatda başlayacaq.
Qeyd edək ki, yarış 3 qrupda keçiriləcək. B qrupunda Xorvatiya, Finlandiya, Macarıstan və Fransa, C qrupunda Slovakiya, Belarus, İspaniya və Çexiya yığmaları qüvvələrini sınayacaqlar. Qruplarda ilk pillənin və ən yaxşı ikinci yerin sahibi yarımfinala yüksələcək.
Mənbə:> Virtualaz.org