Miçel Madera Qurbanovun ona əsəbiləşməsindən danışdı
“Qarabağ”ın yarımmüdafiəçisi Miçel Madera Topaz Premyer Liqasının VI turunda "Sumqayıt"la oyundan (4:1) sonra brifinq keçirib.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, ispaniyalı legioner öncə matç barədə fikirlərini bildirib.
- "Roma" ilə Çempionlar Liqası oyunu öncəsi vacib qələbə qazandıq. İlk hissədə istədiyimiz alınmadı. Ancaq bu, vacib qələbə idi. Öz oyunuma gəlincə, deyərdim ki, bunun öhdəsindən gəldim.
- "Roma" ilə matçın təzyiqi ilk hissədə büruzə verirdi...
- Bunlar tamam fərqli oyunlardır. Bugünkü rəqibimiz də oynayır, müqavimət göstərir.
- Qırmızı vərəqə aldıqdan sonra Qurban Qurbanov sənə sərt şəkildə irad bildirdi və paltardəyişmə otağına yollanmağını bildirdi...
- Mənə heç nə demədi. Nə olacaqsa, öz aramızda olan məsələlərdir. Futbolda olan şeylərdir. Oyun zamanı əsas söz sahibləri hakimlər olur.
- Qorxmursan ki, bu hərəkətinə görə Qurban Qurbanovun "qara siyahı"sına düşəsən?
- Qorxu və "qara siyahı"? Nə demək olduğunu anlamıram.
- Oynamamaq, ehtiyat oyunçular skamyası...
- Bu, futbolda olan şeylərdir. Çalışmaq lazımdır. Olan oldu, keçən keçdi.
- "Roma" ilə oyunda "Qarabağ"dan nə gözləmək olar?
- Ümid edirəm ki, "Çelsi" ilə oyundakı ssenari təkrarı olmayacaq. Üstəlik, evdə oynayacağıq, daha istəkli olacağıq.
Mənbə:> Qafqazinfo.az