Azərbaycan dünya çempionatında ilk medalını qazandı
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, ikinci yarış günündə 59, 66, 80 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimizdən Elvin Mürsəliyev bürünc medal qazanıb.
80 kq çəkidə mübarizə aparan Elvin Mürsəliyev ilk görüşdə Rusiya idmançısı, ikiqat Olimpiya çempionu Roman Vlasovu gərgin keçən qarşılaşmada məğlub edib. 1/8 finalda Polşa təmsilçisi Edqar Babayanı vaxtından əvvəl tam üstünlüklə mübarizədən kənarlaşdıran güləşçimiz növbəti görüşdə Mərakeş idmançısından üstün olub.
Yarımfinalda Belarus təmsilçisi Radzik Kulieu ilə gərgin keçən qarşılaşmada hesab bərabər olsa da sonuncu xalı qazandığından qələbə rəqibə verilib.
Elvin Mürsəliyev bürünc medal uğrunda görüşdə Bolqarıstan idmançısı Daniel Aleksandrovu üstələyərək bürünc medal qazanıb.
Mənbə:> Oxu.Az