Toğrul Əsgərov erməniyə qalib gəldi – FOTO
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a daxil olan məlumata görə, bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.
Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) gümüş medala yiyələnib.
Dördüncü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın, 65 kq çəkidə sərbəst güləşçilər yarışıb. Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində mübarizə aparıb. Qadın güləşçilərimizdən Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərimizdən Toğrul Əsgərov (65 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.
58 kq çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç Rusiya təmsilçisi Nataliya Golts, Ukrayna güləşçisi Tetyna Lavrençuk üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib. Burada Qazaxstan güləşçisi Aiym Abdildinanı məğlub edən Yuliya Ratkeviç 2016-cı il Rio Olimpiadasına vəsiqəni təmin edib. Yarımfinalda Finlandiyadan Petra Maarit Olliyə uduzan Yuliya bürünc medal uğrunda həlledici görüşə çıxıb. Son görüşdə İsveç idmançısı Malin Yohanna Mattssonu da məğlub edən güləşçimiz Dünya çempionatının bürünc medalına sahib olub.
65 kq çəkidə mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov yarışa uğurlu başlayıb. İlk olaraq Qazaxstanlı Sayatbek Okassov, ardınca Ermənistan təmsilçisi Devid Safaryan və Gürcüstan idmançısı Avtandil Kençadzeni mübarizədən kənarlaşdıran güləşçimiz 1/4 finalda İtaliya idmançısı Frank Çamizo ilə qarşılaşıb.
Bu güləşçi ilə Toğrul ilk dəfə birinci Avropa Oyunlarının finalında qarşılaşmışdı və güləşçimiz təmiz qələbə ilə qalib gəlmişdi. Bu dəfə də görüşün 30-cu saniyəsində Toğrul rəqibinin kürəyini xalçaya sıxa bildi. Ancaq hakimlərin qeyri-obyektiv qərarı ilə görüş davam etdirildi, İtaliya idmançısının qələbəsinə və finala yüksəlməsinə şərait yaradıldı. Toğrul Olimpiadaya vəsiqəni qazanmaq üçün təsəlliverici görüşə qatıldı.
Polşa təmsilçisi Maqomedmurad Qadjiyevlə görüşdə əldə etdiyi üstünlük güləşçimizə Rio Olimpiadasının yolunu açdı. Toğrul Əsgərov Dünya çempionatının bürünc medalı uğrunda İran təmsilçisi Seyidahmed Mohammadi ilə qarşılaşacaq.
55 kq
1/8 final - Qianyu Pang (CHN) - Nataliya Sinişin 10:0
58 kq
1/16 final - Nataliya Golts (RUS) - Yuliya Ratkeviç 0:4
1/8 final - Yuliya Ratkeviç - Tetyana Lavrençuk (UKR) 6:0
1/4 final - Yuliya Ratkeviç - Aiym Abdildina (KAZ) 7:5 (Olimpiadaya lisenziya qazandı)
1/2 final - Yuliya Ratkeviç - Petra Maarit Olli (FİN) 6:8
Bürünc medal görüşü - Malin Yohanna Mattsson (SWE) - Yuliya Ratkeviç 0:4
63 kq
1/16 final - Anita Anita (İND) - Nadya Muşka Sementsova 9:1
65 kq - sərbəst güləş
1/32 final - Toğrul Əsgərov - Sayatbek Okassov (KAZ) 7:2
1/16 final - Devid Safaryan (ARM) - Toğrul Əsgərov 2:8
1/8 final - Avtandil Kençadze (GEO) - Toğrul Əsgərov 2:9
1/4 final - Frank Çamizo Marquez (İTA) - Toğrul Əsgərov 10:5
Təsəlliverici görüş - Maqomedmurad Qadjiyev (POL) - Toğrul Əsgərov 3:12 (Olimpiadaya lisenziya qazandı)
Bürünc medal görüşü - Toğrul Əsgərov - Seyidahmed Mohammadi (İRİ)
CANLI YAYIM linki: https://unitedworldwrestling.org/event/world-championship-senior-1
Qeyd edək ki, Yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 39 xal toplayaraq ikinci olub. İlk sıranı 46 xalla Rusiya, üçüncü yeri 35 xalla Ukrayna komandası tutub.
Mənbə:> Oxu.Az