Şimali İrlandiyanın baş məşqçisi sabahkı oyunu şərh etdi
“Azərbaycanın bütün oyunlarına baxmışam. Rəqibin necə hazırlaşması ilə bağlı sualı Robert Prosineçkiyə versəniz daha yaxşı olar. Azərbaycan Almaniya ilə görüşün ilk 30 dəqiqəsində yaxşı təsir bağışladı. Görək, indi necə olacaq”.
AzNews.info-nun “Report”a istinadən məlumatına görə, bunu futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Azərbaycan millisini qonağı olacaq Şimali İrlandiya yığma komandasının baş məşqçisi Maykl O`Nil oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
Britaniyalı mütəxəssis braziliyalı Riçard Almeydanın Azərbaycan yığmasında mümkün debütünə də toxunub:
“Onun klubdakı oyununu görmüşəm. Yaxşı futbolçudur. Lakin bizim oyunçular da İngiltərə Premyer Liqasında çıxış edirlər. Onlar Almeydaya qarşı mübarizə aparacaq səviyyədədirlər”.
M.O'Nil bildirib ki, Bakıdakı hava şəraiti onların çıxışına təsir göstərməyəcək:
“Hava şəraiti yaxşıdır. Türkiyədəki iqlim bura uyğun idi, orada hazırlıq keçdik. Ölkəmizdə də pis deyildi. Düşünürəm ki, hava şəraiti çıxışımıza mane olmayacaq. Belfastda 4:0 hesabı ilə qalib gəldik. Düzgün taktika seçmişdik. Burada da yaxşı oynamağa çalışacağıq. Belfastda qol buraxmadan qalib gəldik. Bunu Bakıda da təkrarlaya bilərik. Lakin rəqibin də 2-ci yeri tutma şansı var. Onlar da bacarıqlarını ortaya qoyacaqlar”.
Rəqib baş məşqçi Azərbaycan milli komandasının heyətində fərqləndirdiyi futbolçuların adlarını da çəkib:
“Yalnız Almeyda barədə danışmağım digərlərinə qarşı hörmətsizlik olar. Azərbaycan millisində yaxşı futbolçular var. Ramil Şeydayev, Dmitri Nazarov, Ruslan Qurbanov və Rahid Əmirquliyevi qeyd edərdim. Həmçinin, Azərbaycan klublarının avrokuboklardakı çıxışlarını izləmişəm. Məsələn, “Qarabağ”ın Qlazqoda “Seltik”ə qarşı matçını baxmışam”.
Qeyd edək ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.
Mənbə:> Report