Ramil Şeydayev: Gərək hücumçu qol vursun ki, komandası da qələbə qazansın
Azərbaycan komandasın hücumçusu Ramil Şeydayev Almaniya ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
AzNews.info-nun Report-a istinadla məlumatına görə, Slovakiya “Jilina”sında çıxış edən hücumçu əvvəlcə oyunu dəyərləndirib:
- Çox yaxşı oynadıq. Öz oyunumuzu bəyəndim. Almaniya elə komandadır ki, onlarla matçda səhv etməməlisən. Məğlubiyyətə baxmayaraq yaxşı oynadığımızı düşünürəm. Heyf ki, uduzduq. Bu gün almanlar bizdən güclü idi.
- Daha yaxşı nəticə üçün nə çatmadı?
- Rəqibimiz Almaniya idi. Bu yığma istənilən komandaya 3-4 qol vura bilər. Onlara qarşı oynamaq ağırdır.
- Meydanı tərk edəndə narazılığın nə ilə əlaqədar idi?
- Qol vurmadığım üçün narazı idim. Gərək hücumçu qol vursun ki, komandası da qələbə qazansın. Amma bu dəfə alınmadı.
- Şimali İrlandiyaya qarşı Bakıdakı görüşdən hansı nəticə ilə ayrılmağı planlaşdırırsınız?
- Əgər Almaniyaya qarşı oynadığımız kimi oynasaq, məncə, yaxşı nəticə qazanacağıq. Bugünkü kimi oynasaq, Şimali İrlandiya, Norveç və San-Marinonu Bakıda məğlub edə bilərik.
- Atmosfer necə idi, azarkeşlər haqda nə deyə bilərsən?
- Hər şey əla idi. Azarkeşlərə təşəkkürümü bildirirəm ki, gəlib bizə dəstək oldular. Təəssüf ki, meydanı məğlub tərk etdik.
- Rəşad Sadıqov sənə meydanda tez-tez nəsə deyirdi...
- Məğlub durumda olanda daha çox pressinq etməli idik. Almaniyanın yarımmüdafiəsinin mərkəzində isə Toni Kroos oynayırdı və onlara qarşı oynamaq çətin idi.
Mənbə:> Report